Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

“İlham Əliyev hakimiyyətini Obama, Merkel hakimiyyəti ilə əvəz etsək də az sonra bu gün baş verənlər təkrarlanacaq”

36172_107293536001267_4434751_nQaldırdığım problemlərin müzakirəsində aktiv iştirak etdiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm və hər birimizə Vətənimiz, cəmiyyətimiz üçün apardığımız bu mübarizədə uğurlar diləyirəm. Səhifəni təkbaşına idarə etdiyim üçün bir çox şərhlərə, suallara, bəzən böhtanlara, təhqirlərə ayrılıqda münasibət bildirmək imkanım olmadığından bu yazımda bəzi sualları cavablandırmaq və heç bir yerdən müdafiəm olmadığından Sizdən kömək istəyirəm.

Mənim heç bir partiya, təşkilatla, yaxud vəzifəli şəxslə əlaqəm yoxdur və Azərbaycanda 26 il ərzində gördüyüm işlər ancaq vətəndaşlıq borcumdan irəli gəlir. Dəfələrlə dediyim fikri bir daha təkrar edirəm. Heç kim, nə Qərb, nə Şərq, nə Şimal, nə Cənub ölkələri bizim əvəzimizdən Vətənimizdə qayda-qanun yaradan deyil. Ölkəmiz o zaman arzuladığımız kimi olacaq ki, hər bir vətəndaş ölkədə baş verənlərdə özünü də cavabdeh sayacaq. Baş verən biabırçılıqlar tək hakimiyyətin deyil, həm də cəmiyyətin günahıdır. İctimai qınaq, müqavimət olmayan yerlərdə daim hakimiyyət insanların haqqını pozub. Bu onun mahiyyətindən, zor tətbiq etmək hüququndan irəli gəlir. Bu gün İlham Əliyev hakimiyyətini Obama, Merkel hakimiyyəti ilə əvəz etsək də az sonra bu gün baş verənlər təkrarlanacaq. Necə ki, ABŞ-da, Avropada rüşvət vermək barədə heç vaxt düşünməyən sahibkar Azərbaycana gələndən az sonra hansı vəzifəli şəxsin nə qədər, kimlər vasitəsi ilə rüşvət aldığını bilir və çox ustalıqla bu cinayətdə iştirak edir. Hər şey cəmiyyətin üzvlərinin haqsızlıqlara göstərdiyi müqavimətdən asılıdır. 26 il ərzində hər gün bunun şahidi oldum.

Son dövrlər qaldırdığım Xəzər sahilinin zəbt edilməsi, AZAL-da baş verən korrupsiya halları, təyyarə biletlərinin bahalığı, benzinin qiymətinin aşağı salınmaması problemləri mənim konkret kimlərə qarşı olmağım deyil, çünki bu sahələrə başçılıq edənlərin heç biri ilə şəxsi tanışlığım, yaxud ədavətim yoxdur. Yaxın günlərdə bunlara oxşar digər problemlərin də ictimailəşdirilməsini nəzərdə tutmuşam. Çünki, az bir zaman göstərdi ki, bu mübarizə üsulu öz həqiqi bəhrəsini verir. Dəniz sahillərində bəzi qapalı çimərliklərin açılması, bəzilərində pul yığının dayandırılması, AZAL-da qiymətlərin ortalama 30% aşağı salınması, bu günlərdə bəzi istiqamətlərdə ucuz uçuş xətlərinin istifadəyə verilməsi buna sübutdur. Əminəm ki, əgər daim haqq, ədalət carçısı olduqlarını bəyan edən kütləvi informasiya vasitələri, saytlar, səhifələr də qısqanclıq hisslərinə qalib gəlib bu mübarizəyə qoşulsalar daha böyük nailiyyətlər qazanmış olardıq. Öz növbəmdə bu cür problemləri yayımlayan hər kəsə bu günə qədər yardımçı olmuşam və bundan sonra da olacam. Mənim üçün vacib olanı xəstə təxəyyülün məhsulu olan “bunu kim başladı” prinsipi heç bir əhəmiyyət daşımır.

Son günlər Sabunçu Rayon İcra Başçısı Adil Vəliyevin və onun işçilərinin qanunsuz hərəkətlərini ifşa etməyimdə də heç bir şəxsi marağım yoxdur. Adil Vəliyevi, yaxud işçilərini tanımamışam və hər hansı işlə bağlı onlara müraciət etməmişdim. Sadəcə, bir rayonun rəhbərliyi nümunəsində digər rayonlarda da oxşar qanunsuzluqların ictimaiyyətə çatdırmaq istəyirəm. Çünki vəziyyət artıq dözülməzdir. Mənim bu fəaliyyətim tam qanuna uyğundur və ölkə Prezidenti İlham Əliyevin “ictimai nəzarət güclənməlidir” fikirinə əsaslanıb. Səhifələrimdə, məni dövlətçiliyə xəyanətdə, qanunsuz fəaliyyətdə, “radikal müxalifətçilikdə” ittiham edən şərhləri yazdıranlar, bunu nəzərə almalıdırlar.

Xüsusilə, Sabunçu rayonuna həsr edilmiş yazılarımda bu tipli cinayətlər törətməyimlə bağlı böhtan xarakterli yazılar artmaqdadır və onların hər birinə cavab verməyə fiziki imkanım belə yoxdur. Bu yazıları Adil Vəliyev və onu himayə edənlərin təşkil etdiklərinə şübhəm yoxdur, çünki həmin böhtanların əksəriyyəti bir neçə gün bundan əvvəl yaradılmış saxta profillər vasitəsilə yazılır. Həmin “yazarlar”ın ağılları da ağalarının məntiqlərinə uyğun olduğundan yazıları da üfunət iyi verir. Belə olmasaydı Mehdi Rustemov kimilərdən istifadə edib “ASLANIN tərəfini saxlayan əziz dostarım! Özüm artıq 10 ildir ki, HAYAT RENGERS hotelində məsul vəzifədə çalışıram. Bu ASLAN dediyiniz dəfələrlə olub ki, PA-da işlədiyi müddət ərzində gələrdi hotelə və inandırım Sizləri ki, bir gecəsinə 100-lərlə manat xərcləyib gedərdi. Bu hallara dəfələrlə mən və iş yoldaşlarım şahidlik etmişik” tipli böhtanlar yazdırmazdılar. Yazı olduğu kimidir. Davamı əxlaqlarına uyğun olduğundan burada göstərmirəm. İstəyənlər şərhlərdə görə bilərlər. İşlədiyi mehmanxanın adını yaza bilməyən birisi böhtana o qədər aludə olur ki, mənim Prezident Aparatından 1994-cü ildə işdən çıxarıldığımı, HYATT REGENCY mehmanxanasını isə 1999-cu ildən sonra inşa olduğunu belə araşdırmır. Bildiyimdən bu cür böhtanlar çoxalacaq və ola bilsin bu barədə hüquq mühafizə orqanlarına müraciətlər də edilsin. Ona görə Sizdən xahiş edirəm ki, bu tip yazılar olanda özünüz də araşdırın, belə biabırçılıqları ifşa edin. Bu bədbəxtlər bilmirlər ki, məhz bunların sayəsində həmin məmurların qanunsuzluqları çiçəklənir. Bu günlərdə barəsində neçə gündür araşdırma apardığım torpaq sahəsinin, icra hakimiyyətinin köməkliyi ilə bir neçə “sahib”i çıxıb. Dünən isə Qarabağ veteranları adı ilə bir neçə şəxslər həmin sahəyə gəlib və müdafiə etdiyim şəxsin qanuni mülkiyyətində olan torpaq sahəsinin icra hakimiyyəti tərəfindən onlara verildiyini bildirib. Heç bir sənəd təqdim etmədən hasarın sökülməsini tələb ediblər. Baş verənlər ağlabatan deyil və bu məmurlardan hər bir addımı gözləyirəm. Ona görə bildirirəm ki, həyatımda heç bir qanunsuzluq etməmişəm və etmək fikrində də deyiləm. Atdığım addımların qanuniliyinə, ədalətliliyinə əminəm və bu yoldan çəkinən deyiləm!

Bir daha hamınıza təşəkkür edirəm. Bura bizim Vətənimizdir və doğma yurdumuzda qayda-qanun yaratmaq da bizim işimizdir. Dahi rus islahatçısı Pyotr Arkadyeviç Stolıpin vaxtilə bolşeviklərə dedikləri “Sizlərə böyük təlatümlər, bizə isə böyük Rusiya lazımdır” ifadəsində deyildiyi kimi, bizə təlatümlər yox, Böyük Azərbaycan lazımdır!

Aslan Ismayılov

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 25.09.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: