Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Məni ancaq ölümlə susdura bilərlər!

33Abdulla Abdullayevdən sensasion açıqlamalar…

Abdulla Abdullayev: “Nə qədər ki, bu ölkədə Zakir Qaralov kimi baş prokuror var, ədalət olmayacaq. Nə qədər ki, Zakir Qaralov baş prokurordur bu ölkənin gələcəyi yoxdur…”

6.000 insanı işsiz qoydular, mənim kimi adamı bezdirdilər, gedib xaricdə işlədim…

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə «AMAY» Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Abdulla Abdullayevə qarşı ötən prosesdə məhkəməyə daxil olan mülki iddianı müzakirəyə çıxarıb. Qeyd edək ki, cinayət işi materiallarında zərərçəkmiş kimi tanınan Cəfərov Orxan adlı şəxs Abdulla Abdullayevə qarşı mülki iddia ilə çıxış edərək, iddianın cinayət işinin materiallarına əlavə edilməsini istəyib. İddiada bildirilir ki, “Xudafərin” MMC-dən alınmış 2 mənzil və 6 obyektlə bağlı ona 2 milyon 120 min manat ziyan dəyib. Bu iş üzrə qaldırılmış iddialar mülki məhkəmələrdə Ali Məhkəmə instansiyasınadək heç bir mərhələdə təmin edilməyib.

Hakim bildirdi ki, iddiaçı Orxan Cəfərov prosesdə iştirak edir və tərəflərin suallarını cavablandıra bilər. Sədrlik edən əlavə edib ki, məhkəməyə 26 fevral tarixində Aslanova Mahirə Havar qızı tərəfindən də mülki iddia daxil olub və bu məsələ də müzakirə edilir.

“Bu, istintaqın növbəti səhvlərindən biridir”

Vəkil Əkbər Bağırovun suallarına cavab olaraq iddiaçı O.Cəfərov bildirdi ki, sözügedən əmlak onun artıq rəhmətə getmiş nənəsi Minayə xanımın adına olub. “Həmin əmlaklarda mənim anamın və dayılarımın payı olub. Biz həmin əmlakı təmir etdirmək istəyən zaman məlum oldu ki, başqa bir adama da satılıb. Bu iş üzrə cinayət işi aparılan zaman bizi də istintaqa dəvət etdilər və məni zərərçəkmiş kimi tanıdılar.” O, vəkilin suallarına cavab olaraq həmçinin bildirdi ki, həmin əmlakla bağlı müqavilələr Abdulla Abdullayevlə deyil, “Xudafərin” MMC ilə bağlanıb.

Vəkil Əkbər Bağırov bildirib ki, bu şəxsin adına heç bir əmlak yoxdur. “Bu şəxsin Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən “zərərçəkmiş” kimi tanınması tamamilə qanunsuzdur. Çünki Orxan Cəfərovun nə müqavilə üzrə, nə də faktiki olaraq həmin əmlaklar üzrə sahibliyi yoxdur. Nənəsinin hüquqi varisi olması barədə də heç bir sənəd təqdim edilməyib. Bu şəxs istintaqda şahid qismində dindirilib, sonradan isə heç bir əsas olmadan “zərərçəkmiş şəxs” qismində tanınıb. Yəni zərərçəkmiş şəxs olması üçün ona birbaşa ziyan dəyməlidir. Bu hal isə yoxdur. Bu, istintaqın növbəti səhvlərindən biridir. Həmçinin onun mülki iddiası cinayət təqibinin başlanmasından sonra daxil olub. Cinayət Prosessual qanunvericiliyinə əsasən isə, cinayət işi üzrə məhkəmə istintaqı başladıqdan sonra mülki iddia verilə bilməz. Bu səbəbdən də, iddianın rədd edilməsi və Orxan Cəfərovun adının zərərçəkmişlər siyahısından çıxarılmasını xahiş edirəm“ – deyə vəkil bildirdi.

Vəkil digər mülki iddiaçı ilə bağlı məsələyə münasibətində deyib ki, fevralın 19-da məhkəmə istintaqı başladığı halda, M.Aslanovanın 26 fevral tarixində daxil olmuş mülki iddiası müzakirə edilmədən rədd edilməlidir.

“İnsanları dövlətin adından əzmək olmaz!”

Digər vəkillər də vəkilin mövqeyini dəstəklədiyini bildiriblər. Vəkil Osman Kazımov mülki iddianın verilməsinin arxasında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin durduğunu deyib: “Korrupsiya idarəsi bilir ki, prokurorluqdan daxil olan istənilən sənəd məhkəmə tərəfindən qəbul edilir. Ona görə də istədiyini edir. Əgər zərərçəkmiş şəxsin özü olmadan hansısa bir qohumları zərərçəkmiş kimi tanına bilirsə, o zaman eyni məntiqlə, Abdullanın da əvəzinə barmaqlıqlar arxasına bir qohumunu əyləşdirə bilərikmi? Bu qədər dərəbəylik olar? Korrupsiya İdarəsi istədiyini edə bilər? Bir az qanuna hörmət etmək lazımdır. İnsanları dövlətin adından əzmək olmaz!” – deyə O.Kazımov bildirdi.

Abdulla Abdullayev də məsələyə münasibət bildirib. “Şərəfsizliyi o həddə çatdırıblar ki… Cənab prokuror, siz hələ cavansınız. Bu dünyada hamının hansısa formada günahı var. Amma o demək deyil ki, hamını tutub içəri salmaq lazımdır. Bizdən 30 nəfər mənzil alıb ki, pulunu verəcəyik, ancaq hələ verməyiblər. İndi neyləməliyəm, onları korrupsiyaya verməliyəm? Biz ona getmədik. İnsaniyyətliyimizi göstərdik. Onsuz da sifarişlədir hər şey. Mən bilirəm sifarişlə nə hökm veriləcək. Daha ədalətdən əlimi üzmüşəm burada. Mən ədalətə Avropa Məhkəməsində nail olacağam”.

Dövlət ittihamçısı isə bildirib ki, zərərçəkmiş kimi tanınmış Orxan Cəfərovun mülki iddia ərizəsi fevralın 18-də məhkəməyə daxil olub. Məhkəmə istintaqı isə fevralın 19-da başlanıb. Bu səbəbdən də iddianın qəbul edilməsi üçün bir maneə görmür.

Hakimlə vəkillər arasında mübahisə

Məhkəmə yerində müşavirə edərək, Orxan Cəfərovun mülki iddiasının qəbul edilməsi, Mahirə Aslanovanın iddiasının isə rədd edilməsi barədə qərarı elan edib. Bu isə vəkillərin narazılığına səbəb olub.

Abdulla Abdullayev də bunu qanunsuzluq adlandırıb. “Həbsimin sifarişli olduğunu hamı bilir. Çıxarılan hökm də sifarişli olacaq. Ona görə də tələb edirəm, bu işə tez baxılsın… Torba tikilib, qalır ipini çəkmək. Onu da çəkin işimizi bilək. Gedək Avropada ədalət axtaraq”- deyə A.Abdullayev bildirdi”.

Əkbər Bağırov hakimlərə bildirib ki, onların qərəzsizliyinə şübhə ilə yanaşır. “Bizim verdiyimiz vəsatətlərin heç biri qəbul edilmir. 15 yazılı, bir xeyli də şifahi vəsatət vermişik. Prokuror bizim vəsatətlərə hansı münasibəti bildirirsə, məhkəmə ona uyğun qərar verir. Vəsatətlərimizin böyük əksəriyyəti təmin edilməyib. Sizin obyektivliyinizə mane olan nədir?..”

Abdulla Abdullayev yerindən replika ilə vəkilə cavab verib: “Sifariş!”

Vəkil Əkbər Bağırov: “Bizim ən adi vəsatətlərimiz də rədd edilib. Çəkişmə prinsipi pozulub. Xahiş etdik ki, Abdulla Abdullayev bizim yanımızda otursun ki, məsləhətləşə bilək. Ona da icazə vermədiniz. Abdulla bu qədər dəhşətli adam olub ki, zalda vəkillərinin yanında əyləşməyə qoymadınız?”

Vəkil Osman Kazımov isə vəsatət qaldıraraq, Orxan Cəfərovun zərərçəkmiş kimi tanınması ilə cinayət işində olan sənədlərin müdafiə tərəfinə təqdim edilməsi ilə bağlı vəsatət qaldırıb. Bu yerdə Osman Kazımovla hakim arasında belə bir dialoq yaşanıb:

Hakim: “Bu məsələ ilə bağlı məhkəmənin qərarı artıq elan edilib. Mülki iddia cinayət işinə əlavə edilib. Başa düşmürəm, bu qərar niyə sizi bu qədər yandırır?”

Vəkil Osman Kazımov: “Hörmətli hakim, xahiş edirəm, prosessual ifadələrdən istifadə edin. Biz müdafiəçiyik və yanlış qərar etiraz edirik. “Yandırmaq” nədir?”

“İçəridə bilirsiniz nə qədər günahsız adam var?”

Hakim qərarın dəyişməyəcəyini deyərək, Abdulla Abdullayevə çıxış üçün söz verib. Abdulla Abdullayev öz növbəsində ifadə verməyə başlayıb:

“Mən vəkillərimə və media nümayəndələrinə bir neçə sual verəcəyəm.

1.İçəridə dustaqlarla söhbətimdə deyirəm ki, bu, xalq məhkəməsidir. Deyirlər ki, yox, məhkəmələr Baş Prokurorluğun tabeçiliyndədir və oranın bir idarəsidir. İndi mənə izah edin görüm, bunların hansı düzdür?

2. Deyirəm ki, cəmiyyət yığışır, dövləti qurur. Deyirlər ki, xeyr, dövlət cəmiyyəti formalaşdırır. İndi bir kitabdan çıxarış, sənəd verin ki, bunların hansı düzdür?

3. Deyirəm ki, dövlət məmurları bizim pulumuzla işləyirlər. Yəni biz vergi ödəyirik, onlar da işləyib maaş alırlar. Dustaqlar isə deyir ki, xeyr, dövlət bizə baxır. Yemək-içmək verir, xəstələnəndə dərman verir. İzah edə bilmirəm ki, bunlar elə bizim pulumuzla edilir.

Mənim çıxışım ədalət üçün deyil, xalq üçündür. Çünki mənim cinayət işim sifarişlidir. Hörmətli hakimlər, siz qulaq asmasanız da olar. Mən dövlət və dövlətçilik üçün canımı qoymuşam.  25 il əziyyət çəkmişdim, vurdular yerə, atdılar içəri… İçəridə bilirsiniz nə qədər günahsız adam var? Ədalətsizlik baş alıb gedir. O adamlara qarşı olanların hamısı bu dövlətə qarşı təxribatdır” – deyə Abdulla Abdullayev bildirdi.

“10 il əvvəl mənim də ağlıma gəlməzdi ki, gəlib burda oturacam”

O, daha sonra qeyd edib ki, ittihamların hamısı müqavilə öhdəlikləri ilə bağlıdır. “Buna görə cinayət işi qaldırıla bilməz. Kreditlərlərlə bağlı ittiham var. Götürülüb və faizi ilə geri qaytarılıb. Bunlar hamısı mülki məsələlərdir və cinayət işi qaldırıla bilməz. Bu, qanunun tələbidir. Qanunların icrasına nəzarət etməli orqan olan prokurorluq isə qanunverici orqan olan Milli Məclisin qəbul etdiyi qanunlara tüpürüb və mənə qarşı bu qondarma ittihamları irəli sürüb. Dövlət ittihamçısı deyir  ki, biz istənilən adama cinayət işi qaldıra bilərik. Deməli, heç kim sığortalı deyil və istənilən adamı içəri ata bilərlər. Necə ki atırlar. Hələ heç bir günahı sübut olunmayan adamı 13 ay içəridə saxlayırlar. Mən 4 aya İranda 3 zavod tikmişdim. Deməli, bu bir il içəridə olmasaydım 12 zavod tikərdim və nə qədər adam orada işləyə bilərdi. Siz isə mənim həbs-qətimkanın dəyişməsi ilə bağlı vəsatətimi rədd edirsiniz. Amma narahat olmayın. Burada ala bilmədiyim ədaləti Avropada alacağam. Sizə kişi sözü verirəm. Avropa Məhkəməsi ən tez 6 aya qeydiyyata alır. Mən isə 1 aya qeydiyyata saldıracağam və ən qısa müddətdə qərar olacaq. Özü də təzminatla birgə. Möhtərəm hakim, mən məhkəmədə günah görmürəm. Bilirəm ki, hökmü siz yox, sifariş verəcək. 20 il də iş versəz, inciməyəcəm. Amma mənim dediklərimdən də siz inciməyin. Mənə deyirlər ki, guya mən Zakir Qaralovu təhqir etmişəm. Əgər etmişəmsə, telefonlarımı dinləyiblər, qoysunlar ortaya. Haqqında bəzi ifadələr işlətmişəm, ancaq başqa formada təhqir etməmişəm. İkincisi də, əgər etmişəmsə də, niyə də etməyəydim. Sən mənim başıma bu oyunları açmısan. Ancaq həqiqətən söyüş söyməmişəm. Ancaq indi deyəcəyəm, gedin çatdırın. Nə qədər ki, bu ölkədə Zakir Qaralov kimi baş prokuror var, ədalət olmayacaq. Nə qədər ki, Zakir Qaralov baş prokurordur bu, ölkənin gələcəyi yoxdur…. Ötən dəfə də dedim ki, 20 il də iş versəniz də, inciməyəcəm. Hər şeyi edən korrupsiya idarəsidir. Ölkədə iqtisadiyyatı bərbad günə qoyan korrupsiyaya qarşı mübarizə idarəsi kimi qurumlardır.

Ölkə başçısı çıxışlarında deyir ki, qeyr-neft sektorunu inkişaf etdirmək lazımdır. Lakin görün, bunlar buna imkan verirlər? İmkan versəydilər, indi AMAY-da 6 min nəfər işlə təmin olunardı. 6 min insanı işsiz qoydular. Mənim kimi adamı bezdirdilər, gedib xaricdə işlədim…

10 il əvvəl mənim də ağlıma gəlməzdi ki, gəlib burda oturacam. Bilmək olmaz, 10 il sonra kimlər burda oturacaq. İnşallah, oturacaqlar da…

Məni 1 dəfə rəsmi sənəd olmadan istintaqa çağırıblar, onda da getmişəm. İfadə verdikdən sonra dedilər ki, istintaqın çağırışına əməl etmədiyin üçün barəndə həbs-qətimkan tədbiri seçilir. Ancaq mənə çağırış çatması barədə heç bir sənəd yoxdur. Həbs-qətimkan tədbirinin vaxtı uzadılanda isə əsas gətirdilər ki, guya mən ictimai təhlükəli adamam.

Məni həbs edəndə heç olmasa qulağıma deyərdilər ki, nəyə görə tuturlar. Yoxsa burda teatr gedir. Əgər məhkəməni qapalı etsəniz, proseslərə gəlməyəcəm…” – deyə A.Abdullayev bildirdi və əlavə etdi: “Mən məhkəməyə gəlməməyin yollarını bilirəm”.

“Məni ancaq ölümlə susdura bilərlər!”

“10 il həbsdə yatmağa hazıram. Amma istəmirəm ki, xalq məni dələduz kimi tanısın. Mən qanunsuzluğa yol verməmişəm. 56 yaşım var. Mən İrəvan xanı Abdulla xanın törəməsiyəm. Məni ancaq ölümlə susdura bilərlər. Anam bəy qızı olduğu üçün sürgündə olub. Babam sürgündə ölüb. Mən ölsəm nə olacaq?..”

O, daha sonra qeyd edib ki, “Gənclik”dəki ticarət mərkəzinin yerində “Gimnastika mərkəzi”nin tikilməsi ilə bağlı dövlətdən sifariş gəlib. “Məni çağırdılar, indi ad çəkmirəm, amma bir gün çəkəcəm, dedilər ki, təcili yer ayrılır, vəsait də ayrılacaq, “Gənclik”dəki ərazini iki günə boşaltmalıyam. Mən ərsazini boşaltdım, amma yeni ərazidə ticarət mərkəzini tikmək üçün vəsait ayrılmadı. Həmin vaxt cəmi 800 dollar pulum vardı. Allah rəhmət eləsin, Rauf Denktaşa (Şimali Kipr Türk Cümhuriyyətinin mərhum prezidenti – red.) zəng eləyib dedim ki, mənim pula ehtiyacım var. Xahiş etdim ki, oradakı zavodumun pulunu tez versinlər. O da bu məsələ ilə bağlı oğlu ilə əlaqə saxlamağımı bildirdi. Sabahısı günü zavodun pulu gəlib çatdı. Ölkədə və xaricdə olan bütün başqa biznesimi satıb, AMAY-ın tikintisinə qoydum. Tapşırdılar ki, Heydər Əliyevin ad gününə qədər açılış olmalıdır. Dedim, vəsaitim yoxdur, dam örtüyünü vura bilmirəm. Dedilər ki, vəsait ayrılacaq. Bundan sonra Sahibkarlığa Milli Kömək Fondundan çağırıb, kredit ayırdılar. 2007-ci ilin mayında AMAY-ın açılışını etdik. Krediti də qəpiyinə qədər qaytardım…

Sifarişi yerinə yetirməsəniz…

Hörmətli hakim, məsələ belədir. Tapşırmışdılar ki, AMAY-ı tikim. Bilirsiz də, tikməsəydim, nə olacaqdı. Bilirsiz, bilirsiz… Siz indi sizə verilən sifarişi yerinə yetirməsəniz, nə olarsa, mənimlə də elə olacaqdı. Yəni tikdim, bu cür cəzalandırırlar, tikməsəydim də başqa cür cəzalandıracaqdılar. Siz hökmü çıxarın, amma yeri-göyü yaradan Allah var, onun da çıxaracağı hökm olacaq…”

Məhkəmə fasiləyə çıxdığı üçün A.Abdullayevin ifadəsi yarımçıq qalıb. Nahar fasiləsindən sonra hakim bildirib ki, onları iclasa çağırdıqları üçün proses sabah, martın 6-da saat 14.00-da davam edəcək.

Qeyd edək ki, ittiham aktına əsasən, A.Abdullayev və digər təqsirləndirilən şəxslər – Nəzərov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna mütəşəkkl cinayətkar dəstə şəklində dələduzluq, mənimsəmə və ya israf etmə, yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilirlər.

Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

Xural qazeti

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 05.03.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: