HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Azərbaycanın ən qəhrəman hüquq müdafiəçisi və jurnalisti Məlahət Nəsibovadır. Bəlkə də çoxunun xoşuna gəlməyəcək, amma Məlahət xanımı digər qəhrəmanlarla fərqləndirən “ƏN” ondan ibarətdir ki, Məlahət xanım tək canı ilə Naxçıvan xanlığının bütün rayonlarını, kəndlərini gəzir. Onu fərqləndirən cəhət odur ki, Leninqrad blokadada olan kimi, Naxçıvanın blokadasında, xanın cəllad və fərraşları ilə üz-üzə dayanıb bir addım da geri çəkilməyib. Məlahət xanımı ƏN QƏHRƏMAN edən odur ki, Bakıdakı kimi 20 qəpik marşuruta verib, tezbazar syujet çəkib, geri qayıdıb facebookda dedi-qodularla gününü “dojdovoy”a keçirməyib. Məlahət xanım aldığı maaşdan dəfələrlə çox pulu ancaq taksilərə xərcləyib. Naxçıvanda xanın qorxusundan ona və həyat yoldaşı İlqar bəyə taksilər də saxlamayıb. Onları toya da dəvət etməyə qorxublar ki, xan qəzəblənər, yasa gedəndə də qorxudan onlara kimsə salam verməyib. Məlahət xanımın həyat yoldaşı İlqar Nəsibov vəhşicəsinə döyülüb ölümcül hala salınsa da, çox absurd bir tərzdə cinayət işi aparıldı. İlqar bəyi döyən insana bənzər məxluqlar guya İlqar Nəsibova onlardan birinin barmağını qırıbmiş kimi böhtan atıb, ona qarşı cinayət işinin də başlanmasına nail olmuşdular. Məlahət xanım haqqında bir kitab yazsaq, yenə də azdır. O BÖYÜK QADIN titulunu həqiqətsevər insanlardan, həyatda ikən alıb. İnsan cildinə girmiş əcinələr, şeytanlar isə həmişə onun paxıllığını çəkib, ona badalaq vurmağa çalışıb. Lakin Allah sevənə bəndənin nifrəti nə edə bilər ki? Şükür Allahın birliyinə ki, Məlahət xanım bu gün sağ salamatdır. Düzdür səhhətində olduqca ciddi problemlər var. Amma onlar da yoluna düşəcək İnşAllah. Ən sonunda isə qeyd etmək istəyirəm ki, böyük Hüseyn Cavidi, Mirzə Cəlili yetirən Naxçıvan torpağının qəhrəman qızı mən Sizi sevirəm. Sizə Bacım kimi ehtiramım var! Müsbət obraz kimi, qəhrəman QADIN obrazı olaraq Sizi sevirəm. Sizin həyatınız özü bir qorxulu filmdir. Lakin bu qorxulu filmin müsbət qəhrəmanızınız!
Sevgi və sayqılarla Laçın Məmişov
P.S Həmişə çətinliklərlə üz-üzə qalanda, həyat məni sıxanda, sınaqlarla, imtahanlarla baş-başa qalanda, küfəlilər Hüseyni yarı yolda atıb qaçan kimi məni satanda… Şirvan şikəstəsindən bu beyti özümçün zümzümə edib, özüm özümə təsəlli verirəm
Mənə sən cövrü qıl daim
Mən eylim səbri ey zalim
Sənin çoxdur əgər zülmün
Mənim də bircə Tanrım var!
P.P.S Xain olmayın, insanlara layiq olduqları qiyməti verə bilməsənizdə, heç olmasa müəyyən bir qismini verməyə çalışın. İgidin başını kəs, amma haqqını yemə…