Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

DİKTATORLARI BİRLƏŞDİRƏN “DƏYƏR”

diktatorlarin-aqibetiHakimiyyət ehtirası, xalqa nifrət, ölüm qorxusu

Çağdaş dövrün diktatorları da sələflərinin taleyindən nəticə çıxarmır

Bir çox ölkələrin tarixində güclü xarizması olan, sönsuz hakimiyyətə sahib və inanılmaz dərəcədə qəddar diktatorlar  olub. Ancaq onların idarəçiliyi altında əzilən xalqlar bu şəxslərin sonunu görmək sevincini yaşaya bilib. Bu şəxslərin aqibəti bir çox hallarda ağır olub. XX əsrin qüdrətli diktatorları bu dünyanı fərqli tərk edib. Əksəriyyətinin sonu ürəkaçan olmayıb. Kimisi intihar edib, kimisi illərdi əzdiyi xalqının qəzəbinə tuş gəlib, bəziləri ölkədən qaçıb, bir qismi isə hakimiyyət başında olarkən dünyasını dəyişib.

Insanların nəyə görə diktator olması ilə bağlı müxtəlif nəzəriyyələr var. Bəziləri belə rəhbərləri cinayətkar, digərləri ruhi xəstə, bir qism isə onları dahi hesab edir. Bu fikirlərin hər biri ilə razılaşmaq olar. Ancaq bu şəxsləri birləşdirən oxşar cəhət qəddarlıq və hakimiyyətdən bərk-bərk yapışmaqları olub. Diktatorlar arasında xalqına xidmət etmək ideyasını rəhbər tutaraq hakimiyyətə gələnlər, lakin sonradan fərqli yol tutanlar da az olmayıb.

Ukraynada baş verən son hadisələr və xalq etirazları nəticəsində ölkəsini tərk edərək Rusiyaya sığınan Viktor Yanukoviçin aqibəti oxşar, yaxud daha acı tale yaşayan avtoritar rejim rəhbərini yada saldı.

Kanalizasiya, dar ağacı, güllələnmə…

Devriləndən sonra öldürülən diktatorların sırasına nəzər salanda müasir tarixin son belə hadisəsi yada düşür. 42 il Liviyaya rəhbərlik edən Müammər Qəzzafi ölkəsində baş qaldıran qiyamı qanla yatırmağa çalışdı. Lakin 2011-ci ilin oktyabr ayında uzunmüddətli müqavimətdən sonra üsyançılar tərəfindən tutularaq qətlə yetirildi. Buna qədər isə Qəzzafiyə könüllü şəkildə hakimiyyətdən imtina eləcəyi təqdirdə ölkədən getməyə imkan yaradılacağı deyildi. Cavabında o sona qədər mübarizə aparacağını vəd etdi və bu vədinin də üstündə dayandı. Bu isə ona üsyançılara əsir düşərək qətlə yetirilməsi bahasına başa gəldi.

Iraqın 24 illik rəhbəri Səddam Hüseyn müasir dövrün diktatorları sırasında özünəməxsus yerə sahib idi. Bir milyondan artıq insan onun hakimiyyəti dövrünün qurbanına çevrilir. Yaşayış rayonlarına qaz hücumları həyata keçirilir, on minlərlə insan işgəncə nəticəsində həbsxanalarda dünyasını dəyişir, insanlar heç bir səbəb göstərilmədən evlərindən aparılır və güllələnirdi. S.Hüseyn ABŞ-ın Iraqda keçirdiyi hərbi əməliyyatlar nəticəsində  2003-cü ilin dekabr ayında həbs olunur və kütləvi qətllərdə ittiham edilərək edama məhkum edilir. Üç il sonra Iraq diktatoru edam edilir və bu kadrlar yerli telekanallarda nümayiş etdirilir.

20-ci əsrin diktatorları arasında xalqın qəzəbinə tuş gələnlər arasında Rumıniyaya 24 il rəhbərlik edən Nikolae Çauşesku da var. Rumıniya kommunist partiyasının rəhbəri xalqa qarşı soyqırım həyata keçirməklə, ölkəsinə aclıq və səfalət gətirməklə yadda qalıb. 1989-cu ildə etirazları güclə boğmaq istəsə də, özü bu etirazların qurbanına çevrilir. Həbs edilən Çauşesku məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilir və həmin günü güllələnir.

Hüsnü Mübarək, Bin Əli və Miloşeviç nümunəsi

Misirin 30 illik rəhbəri Hüsnü Mübarək isə canını həbslə qurtara bildi. Hazırda korrupsiya və etirazçıların qətlində ittiham olunan Mübarək etdiklərinə görə məhkəmə qarşısında cavab verir.

Xalqın qəzəbindən sağ qurtula bilənlər arasında Tunisin keçmiş prezidenti, 23 il ölkəyə rəhbərlik etmiş Zin əl-Abidin Bin Əli də var. 2010-cu ildə Tunisdə baş qaldıran etirazlar “Ərəb baharı” kimi tarixə düşən hadisələrin başlanğıcına çevrildi. Üç həftəlik etirazlardan sonra Bin Əli ölkədən qaçdı və Səudiyyə Ərəbistanında siyasi sığınacaq aldı. Tunis məhkəməsi isə keçmiş prezidenti və onun xanımını oğurluqda ittiham edərək qiyabi olaraq 35 il həbs cəzası verib.

Insanlığa qarşı cinayətlərdə ittiham edilən Serbiyanın keçmiş prezidenti Slobodan Miloşeviç də müsəlmanların qətliamı ilə tarixə düşüb. Serb diktator 2006-cı ildə məhkəmə qərarı elan edilməzdən əvvəl ürək tutmasından ölüb.

Ölüsü qorxu yaradan Pol Pot

Kampuçiya (Kamboca) diktatoru Pol Pot (əsl adı Salot Sar) tamamilə haqlı olaraq XX əsrin ən dəhşətli canisi adını qazanıb. Bu şəxs özünü əqidəli kommunist, Marks, Lenin, Stalin və Mao Tsezdun pərəstişkarı saysa da, hətta SSRI də onu yaxın buraxmırdı. 1975-ci ildə hakimiyyəti ələ alan Pol Pot Kampuçiyanı həbs düşərgəsinə çevirdi və milyonlarla insanın qətlinə fərman verdi. Hətta gülləyə heyfi gələn Potun əmri ilə insanları məftillə bir-birinə bağlayır və cərəyan buraxılırdı. Digər qətl növlərindən dəmir parçası ilə insanların başına vurub öldürmək, yaxud su ilə dolu quyularda boğmaqdan geniş istifadə olunurdu. Insanları boğaza qədər yerə basdırıb başına ağır alətlə vura-vura öldürürdülər. Yüz minlərlə insan minalanmış sahələrə göndərilərək bu yolla öldürülüb. Hətta Pol Pot ordusunun yaralı əsgərləri də eyni üsullarla qətlə yetirilirdi. Dövlət səhiyyəyə pul ayırmaq niyyətində deyildi. Ölkədə pul, din, təhsil, kitab, özəl mülkiyyət ləğv edilmişdi, ailəvi nahar etmək, qadınlara uzun saç gəzdirmək qadağan edilmişdi. Kişi və qadınlar eyni tərzdə, qara köynək və şalvar geyinməli idi. Bütün bu qadağaları pozmaq ölümlə nəticələnirdi. Eynək taxan, Avropa üslubunda geyinən, kitab oxuyan, ümumiyyətlə, yazıb-oxumağı bacaran hər kəs qətlə yetirilirdi. Ixtisasca müəllim olan Pot ziyalı təbəqəsinə qarşı amansız olub. Onun qurbanları arasında doğma qardaşı və digər ailə üzvləri də olub. Ölkədə yalnız diktatorun və onun ətrafının razılığı əsasında ailə qurmaq mümkün idi. Kimin kimlə evlənməsini isə diktator özü müəyyən edirdi.

Onun hakimiyyəti illərində 6 yaşından yuxarı uşaqlar valideynlərindən alınır və düşərgələrə göndərilirdi. Orada onlardan qatil hazırlanırdı. Daha qəddar olması üçün uşaqlara insan qanı içirdilirdi. Pol Potun rəhbərliyi altında qırmızı kxmerlərin hakimiyyəti illərində ölkənin 8 milyonluq əhalisinin üçdə birindən çoxu, təxminən üç milyon insan qətlə yetirilir. Bütün bunlar Pol Pot hakimiyyətinin etdiyi amansızlıqların kiçik bir hissəsidir.

1979-cu ildə Pol Pot Vyetnam qoşunlarının köməkliyi ilə hakimiyyətdən devrilir. Lakin 1982-ci ildə yenidən hakimiyyəti ələ ala bilir. Üç il sonra isə istefaya getsə də, hakimiyyətə nəzarəti saxlaya bilir. Pol Potu yalnız 1997-ci ildə tamamilə iqtidardan uzaqlaşdırmaq mümkün olur. Bəşəriyyətə qarşı cinayətlərdə ittiham edilən diktatorun beynəlxalq tribunal qarşısına çıxarılması gözlənilsə də, 1998-ci ildə Potun ölümü buna mane olur. Ağır cəza alacağını anlayan diktatorun zəhər içərək intihar etdiyi deyilirdi. Yerli inanca görə, Pol Potun nəşi yandırılır. Ancaq onun ölüsündən də qorxurdular. Yandırılmazdan əvvəl diktatorun burnuna pambıq tıxanır ki, “ruhu burnundan çıxmasın”.

Haitinin Düvalyesi

15 il Haitiyə rəhbərlik edən Jan Klod Düvalyeyə 1971-ci ildə hakimiyyət atasından, Fransua Düvalyedən keçib. Həmin vaxt onun cəmi 19 yaşı var idi. 1985-ci iddə isə “Bebi Dok” (bala it) ləqəbi ilə tanınan diktator 99,8% səslə ömürlük prezident seçilir. Həmin ilin sonlarında isə ölkəni bürüyən etirazlar 1986-cı ildə diktatorun ölkəni tərk etməsi ilə nəticələnir. Hakimiyyəti illərində Düvalye ölkədən milyonlarla dollar vəsait çıxarıb. Lakin sonradan Isveçrə banklarında olan hesabları dondurulur. 2011-ci ildə ölkəsinə qayıdan Düvalye xalqından üzr istəyir və hakimiyyəti illərində on minlərlə insanın müxtəlif işgəncələrlə öldürüldüyünü etiraf edir. Həmin illərdə 60 mindən çox müxalif mövqeli şəxs qətlə yetirilib. Keçmiş diktatorun cinayətlərini Haiti məhkəməsi hələ də araşdırsa da, o həbs olunmayıb.

Qara qitənin qatilləri

Mərkəzi Afrika Respublikasının rəhbəri olmuş hannibal Jan Bedel Bokassa isə daha çox rəqiblərini yeməklə məşhurlaşıb. Özünü Napoleona bənzədən Bokassa 1971-ci ildə səfalət içində yaşayan ölkəsini imperiya adlandırdı. Ancaq 1979-cu ildə diktator hakimiyyətdən uzaqlaşdırılır və Fransada sığınacaq alır. 7 il sonra yenidən vətəninə qayıdan diktator orada həbs olunur. “Imperator” ölüm hökmünə məhkum edilsə də, sonradan cəzası 10 ilə qədər endirilir. 7 illik həbsdən sonra hannibal diktator azad edilir. Bundan sonra özünü Tanrı tərəfindən göndərilmiş apostol elan edən Bokassaya artıq heç kim ciddi yanaşmırdı.

Qara qitənin qəddarlığı ilə seçilən daha bir diktatoru isə Uqanda rəhbəri Idi Amin olub. Onun hakimiyyəti dövründə Nil su elektrik stansiyasının turbinləri çaydakı meyidlərin çoxluğundan fəaliyyətini dayandırmışdı. 1971-1979-cu illərdə Uqandaya rəhbərlik edən Aminin hakimiyyəti illərində beş yüz mindən artıq insan qətlə yetirilib. Onlardan iki min nəfərini diktator şəxsən güllələyib. Hətta orta təhsili olmayan Aminin özünə verdiyi titul isə belə səslənirdi: “Zati-alilləri ömürlük prezident, Feldmarşal Al-Həcci Doktor Idi Amin, Yer üzündə bütün heyvanların və dənizlərdə balıqların hökmdarı, Afrikada, o cümlədən Uqandada Britaniya Imperiyasının istilaçısı, ”Viktoriya Xaçı”, “Hərbi Xaç” və “Hərbi xidmətlərə görə” ordenin kavaleri”. 1979-cu ildə devrilən Amin Səudiyyə Ərəbistanına qaçıb və 2003-cü ildə orada ölüb.

Avropanı qan içində boğanlar

Italiyada faşizm rejiminin diktatoru Benito Mussolini “faşizm” termininin müəllifi kimi tarixə düşüb. 1922-ci ildən baş nazir kimi Italiyaya rəhbərlik edən Mussolini ölkədə totalitar polis rejimi qurur və siyasi repressiyalar həyata keçirirdi. Baş nazir olmağı ilə yanaşı 7 nazirliyə rəhbərlik edən Mussolini hakimiyyəti dövründə ölkədə həbslər, işgəncələr geniş vüsət almışdı. Hətta qadınlar və uşaqlar da bu aqibətdən yaxa qurtara bilmir. Ancaq hətta Hitlerin himayəsi də ona kömək etmədi. 1943-cü ildə hakimiyyətdən devrilib həbs edilsə də, alman xüsusi təyinatlıları tərəfindən azad edilir. Lakin 1945-ci ilin aprel ayında partizanlar tərəfindən həbs edilərək məşuqəsi ilə birgə asılır. Onların meyidi Milanın Loreto meydanında bir neçə gün işıq dirəklərindən başı aşağı asılı vəziyyətdə qalır ki, hər kəs onlara daş ata bilsin.

XX əsrin diktatorlarından söz açarkən Adolf Hitleri yada salmamaq olmur. 1933-1945-ci illərdə Almaniyanın reyxskansleri olan Adolf Hitler ölkəsində istibdad rejimi qurmuşdu. 1945-ci ilin aprelində məğlubiyyətini anlayan diktator bu dünyanın tərk etmək qərarına gəlir və özünü güllə ilə vurur. Sona qədər öz fəaliyyətinə bəraət qazandıran Hitler yalnız “qəzəbli almanların” əlinə düşməkdən qorxurdu. Ruslar isə onu qorxutmurdu. Vəsiyyətinə uyğun olaraq Hitlerin meyidi yandırılıb.

XX əsrin ən qəddar diktatorları arasında 1920-ci illərin sonlarından SSRI-yə rəhbərlik edən Iosif Stalinin adı ilk yerlərdədir.

Ölkədə sərt avtoritar rejim quran Stalinin hakimiyyəti illəri repressiyalar, milyonlarla insanın qətli, sürgünə göndərilməsi ilə yadda qalıb. SSRI və dünya tarixinin ən qəddar diktatorlarından olan Stalin hakimiyyət başında, 1953-cü ilin martın 6-da dünyasını dəyişib. Stalinin hansı şəaritdə ölməsi isə indiyə qədər müzakirə mövzusudur.

Son yüz ildə hakimiyyətdə olan və xalqına qənim kəsilən diktatorların sayı bununla bitmir. Yaxın illərdə bu siyahıya yeni adların əlavə ediləcəyi də istisna edilmir. Ancaq bu şəxsləri birləşdirən əsas ümumi cəhət odur ki, diktatorlar bir-birinin aqibətindən nəticə çıxarmır. Bu da sonda onların özü üçün ağır nəticələnir.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 05.03.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: