Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Rusiyadan Ukraynaya hərbi qoşun yeritdi (Xronika)

images (1)Kremlə qarşı sərt hədələr və ilk sanksiyalar; Putin bir addım geri çəkildi; NATO Rusiyanı mühakimə etdi

22.15
Rusiyanın Qara dəniz donamasının qərargahı bəzi KİV-lərdə martın 4-ü saat 5-ə qədər Ukraynanın Krımdan öz  hərbi birləşmələrini çıxarmayacağı təqdirdə Rusiyanın geniş miqyaslı hərbi əməliyatlara başyacağına dair məlumatı təkzib edib. “Bu sadəcə olaraq cəfəngiyatdır. Biz artıq gün ərzində Ukraynalı kolleqalarımıza qarşı güc işlədəcəyimizə dair informasiyaların yayılmasına öyrəşmişik. Bizi Krımda üz-üzə gətirmək mümkün olmayacaq”.
22.00
​BMT-nin Təhlükəsizlik Şurası bir neçə saatdan sonra Ukrayna ilə bağlı 3-cü toplantısını keçirəcək. Toplantı Rusiyanın təşəbbüsü ilə keçirilir. Açıq keçəcək toplantıda Rusiyanın Ukrayna ilə bağlı atmaq istədəiyi addımlara hüquqi don geyindirməyə çalışacağı düşünülür.
02:10

ABŞ dövlət katibi Con Kerri martın 4-də Ukraynaya səfər edəcək. Bu barədə “RİA Novosti” agentliyi ABŞ hökumətinin adını açıqlamadığı yüksək vəzifəlisinə istinadla məlumat yayıb. ABŞ rəsmisi deyib ki, “Con Kerri Kiyevdə yeni hökumətlə məsləhətləşmələr aparacaq, Ukraynaya siyasi dəstək vermək üçün atdığımız addımlar barədə danışacaq.

***

01:02

Rusiya prezidenti Vladimr Putin Almaniyanın kansleri Angela Merkellə telefon söhbətində Krımdakı vəziyyəti öyrənmək üçün ATƏT-in egidası altında xüsusi qrup yaradılması təklifi ilə razılaşıb. Bu barədə Reuters agentliyi Almaniya hökumətinin təmsilçisi Corc Şreyterə istinadla xəbər yayıb. Şreyter deyib ki, Rusiya prezidenti Krımda ağırlaşan vəziyyətin aradan qaldırılması üçün siyasi dialoqun başlanmasına razıdır. Xüsusi qrupun necə fəaliyyət göstərəcəyi və nə zaman işə başlayacağı haqda heç nə deyilmir.

Məlumata görə, söhbət zamanı Merkel Putini beynəlxalq öhdəlikləri pozmaqda ittiham edib və Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

***

00:40

NATO hərbi bloku Rusiyanın Krımda hərbi hərəkətlərini mühakimə edir. Bu, NATO Şurasının martın 2-də Brüsseldə keçirilən iclasının yekun mövqeyidir. İclas iştirakçıları Rusiya Federasiya Şurasının ölkə başçısı Putinə Ukrayna ərazisinə qoşun yeritmək səlahiyyəti verən qərarından dərin narahatlıqlarını ifadə ediblər.

***********************************************************************************************************************************************************************

2 mart 2014

23:30

Ukrayna baş nazirinin birinci müavini Vitaliy Yarema öz ölkəsinin Rusiya ilə sərhədlərini bağlaya biləcəyini deyib. “5-ci kanal” telekanalındakı tok-şouda bu barədə danışan baş nazirin müavini bunu Ukraynanın şərq regionunda mərkəzi hakimiyyətə qarşı təşkil edilən mitinqlərə Rusiya vətəndaşlarının gətirilməsi ilə əlaqələndirib. Yarema bu barədə təsdiqlənmiş məlumatların olduğunu bildirib.

***

19:24

ABŞ dövlət katibi Con Kerri Rusiyanın Ukraynadakı siyasətini “görünməmiş təcavüz aktı” adlandırıb və Moskvanı beynəlxalq aləmin sərt reaksiyası, o cümlədən iqtisai təcrid və potensial hərbi əməliyyatlarla hədələyib.

«XXI əsrdə özünü XIX əsrdə olduğu kimi aparmaq və əsassız olaraq digər ölkənin ərazisinə soxulmaq  olmaz», – deyə Kerri CBS telekanalına müsahibəsində bildirib. O qeyd edib ki, Rusiya hələlik hadisələrin ən pis inkişafından qaça bilər.

Kerrinin sözlərinə görə, o xarici həmkarları ilə Ukraynadakı hadisələri müzakirə edib və onlar bu məsələdə Rusiyanın təcrid edilməsinə hazır olduqlarını bildiriblər. Söhbət hətta aktivlərin dondurulmasından gedə bilər. Kerri aktivlərin dondurulması ilə bağlı qərarın nə vaxt qəbul edilə biləcəyini açıqlamayıb.

Kerri həmçinin bildirib ki, Putin Krımı qəsb etmək istəyir. Ancaq Rusiya və xalqı beynəlxalq səviyyədə uduzacaq.

«Rusiyanın ticarət və investisiyalara ciddi ehtiyacı var. Ancaq rus hərbçiləri Ukraynanı tərk etməsə bütün bunlara ciddi ziyan dəyəcək», – deyə Kerri   bildirib.

***

18.38

Odessa və Dnepropetrovsk şəhərlərinin on minlərlə sakini Putinin Ukraynada yürütdüyü siyasətə etiraz əlaməti olaraq küçələrə çıxıb.

Eyni zamanda Xarkovda da Ukraynanın ərazi bütövlüyünə dəstək mitinqi keçirilib. Hər üç şəhərdə Ukraynanın dövlət bayrağı ilə aksiyaya çıxanlar Rusiyanın addımlarına etiraz şüarları səsləndirib.

18.23

Sankt-Peterburqda «Yabloko» partiyasının fəalları Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə etiraz olaraq «Müharibəyə yox!» aksiyası keçirilir. Aksiya iştirakçıları Rusiyanın qonşu ölkədə həyata keçirdiyi əməliyyatlarına son qoyulmasını tələb edir.

17:50

Ukraynanın birinci prezidenti Leonid Kravçuk bloq yazısı ilə çıxış edərək Rusiya hakimiyyətini geri çəkilməyə və iki xalq arasına müharibə salmamağa çağırıb. Kravçuk yazır:
“Rusiya Federasiya Şurasında xəstə adamlar oturublar. Xalqa daxili problemlərini həll etməyə imkan vermək lazımdır. Hazırda Krım işğal olunub. Bu, ölkəmizin bir hissəsini Rusiyanın faktiki işğal etməsi deməkdir. Rusiya təcavüzkardır və bu təcavüzün təşəbbüskarı Putindir. Görəsən, onlar başa düşmürlər ki, bu, üçüncü dünya müharibəsinə səbəb ola bilər?
Hər bir vətəndaşımız ölkəmizi müdafiə edəcək. Mən də onlarla bilrikdə. 80 yaşım var. Buna baxmayaraq silah götürüb, torpağımı müdafiə edəcəm.
Qocalar, qadınlar və uşaqlar hansısa şizofrenikə görə ölməlidirlərmi? Çexoslovakiya, Polşa, Əfqanıstan, Macarıstan Rusiyaya bəs etmədi, indi növbədə Ukraynadır?
İkinci dünya müharibəsindən sonra Nürinberq məhkəməsi olub. Bu proses Almaniyada keçirilib. Nürinberq prosesi başqa yerdə də təkrarlana bilər”.

***

17:24

Ukraynanın ən varlı adamı Renat Axmetov ölkənin bütövlüyünün qorunub saxlanması üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.
“Daxili siyasi gərginlik uzunmüddətli konfliktə çevrilib ölkənin bütövlüyünü poza bilər. Qüvvə tətbiqi və xaricdən qanuna zidd əməllər yolverilməzdir. Bütün vətəndaşları Ukraynanın vahidliyi və bölünməzliyi naminə birləşməyə çağırıram. Bizim gücümüz biznesin, hakimiyyətin və cəmiyyətin birliyindədir. Ukrayna hakimiyyətinə və siyasətçilərə müraciət edərək, ərazi bütövlüyünün təmin olunması, demokratiyanın, insan hüquq və azadlıqlarının bərpası üçün hər şeyi etməyə çağırıram” – deyə Axmetovun yaydığı bəyanatda bildirilir.
Bəyanatda iş adamlarına da müraciət olunur ki, mövcud problemlərin həlli üçün maddi imkanlarını səfərbər etməkdən çəkinməsinlər.
“İnanıram ki, birgə səylərlə biz güclü, vahid, müstəqil Ukraynanı müdafiə edə biləcəyik”, – deyə məşhur biznesmen bəyanatını bitirib.

***

17.05

NATO-nun baş katibi Anders Foq Rasmussen Rusiyanı Ukraynadakı hərbi əməliyyatlata son qoymağa və gərginliyi aradan qaldırmağa çağırıb. “Biz Ukraynadakı situasiya ilə bağlı növbədənkənar toplantı keçirdik. Ukraynadakı hərbi əməliyyatların son durumunu və Vladimir Putinin suveren dövlətə qarşı hədələrin müzakirə etdik. Rusiyanın etdikləri BMT-nin xartiyasının prinsiplərinin pozulmasıdır. Rusiya hərbi əməliyyatlara və hədədlərə son qoymalıdır”

16.35

Ali Rada Rusiyanın prezidenti Vladimir Putinə müraciət edib. Ukraynanın baş naziri Arseniy Yasenyukun sözlərinə görə, Ali Rada müraciətində Putindən Ukrayna ilə müharibəyə başlamamaqla bağlı çağrış edib. “Biz Alin Radanın toplantısında həmçinin Rusiya prezidenti Vladimir Putinə də müraciət etdik. Biz ondan müharibə ilə bağlı qərar qəbul etməməyi istədik. Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlamağa dair səbəbi olmayıb indi də yoxdur”.

16.28

Rus əsgərlərinin geyimində olan hərbçilər Sevastopeldə Ukrayna Dəniz Qüvvələrinin hərbi bazasını mühasirəyə alaraq bazanı elektrik enerjisindən məhrum ediblər. Hərbçilər hərbi bazanı enerji ilə təchiz edən yarımstansiyanı sıradan çıxarıblar. Təxribatçılar dərhal ərazidən uzaqlaşsalar da hərbi bazanı elektriklə təmin etmək hələ ki, mümkün olmayıb.

16.15

Rus əsgərləri Ukraynanın Kerç şəhərindəkihərbi hərbi hissəni mühasirəyə alıblar. Rus ordusunun hərbi formasında olan əsgərlə Rusiyadan olduqlarını deyirlər. Hərbi hissənin periçetri boyu avtomatlı əsgərlər qaraul çəkir. Hərbi hissənin girişində isə Ukraynalı hərbçilər zirehli hərbi maşın yerləşdirib.

16.12

Ali Rada Ukraynanın müstəqilliyinin qarantı olan dövlətlərə müraciət qəbul edib. Bu barədə məlumatı “Azadlıq” blokunun lideri Oleq Tyaqnibuk məlumat verib. Onun sözlərinə görə, Ali Radanın qapalı toplantısında bir neçə mühüm sənəd qəbul olunub. Onlardan biri Ukraynanın təhlükəsizliyinə qarant olan dövlətlərin parlamentlərinə çağrışdır.

14:40

Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov tvitter səhifəsində məlumat yayıb ki, ABŞ, Kanada və Böyük Britaniyanın səfirləri Moskavanı tərk edərək ölkələrinə qayıdıblar. Səfirlərin məsləhətləşmə üçün öz ölkələrinə çağırıldıqları deyilir.

***

14:38

Moskvada Müdafiə Nazirliyinin binası qarşısında üzlərlə Rusiya vətəndaşı etiraz aksiyasına toplaşıb. Aksiyaçılar Rusiyanın Ukraynaya hərbi müdaxilə qərarına etiraz edirlər. Onlar əllərində Ukrayna bayraqları tutublar. Bir dəstə isə dövrə yaradaraq, Ukraynanın himnini oxuyublar. Polis aksiyaçılardan 30 nəfərinə yaxınını saxlayıb.

Eyni məqsədlə daha bir aksiya Moskvanın Manej meydanında keçirilib. Aksiyaçılardan həbs edilənlər var.
“Unian” agentliyi xəbər verir ki, ruslardan ibarət bir dəstə mitinqçi də Müdafiə Nazirliyinin qarşısından Kremlə doğru, Manej meydanındakı etirazçılara qoşulmaq üçün yürüş ediblər. Onların üzərində “Ukraynadan əlini çək”, “Rusiyanı rüsvay etmək yetər” yazılmış plakatlar qaldırıblar və “Banda rədd ol”, “Müharibəyə yox”, “Rüsvayçılıq” kimi şüarlar qışqırıblar.

***

14:34

Fransanın xarici işlər naziri Loran Fabius bəyanatla çıxış edərək bildirib ki, “Böyük səkkizliyə” daxil olan bütün ölkələr iyun ayında Soçidə keçiriləcək sammitə hazırlıqları dayandırmalıdırlar. “Biz Rusiyanın Ukraynaya qarşı hərbi hərəkətlərini pisləyirik. Nə qədər ki, Rusiya “Böyük səkkizliyin” prinsiplərinə qayıtmayıb, Soçi sammitinə hazırlıqlar dayandırılmalıdır”.

***

10:00

ABŞ dövlət katibi Con Kerri Rusiyanın Ukraynaya hərbi müdaxilə qararı ilə bağlı bəyanat verib. Dövlət katibi bildirib ki, ABŞ Rusiyanın Ukrayna ərazisinə müdaxiləsini və işğalını pisləyir, bunu Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulması kimi qiymətləndirir.
O, vurğulayıb ki, Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatlar aparması regionda gərginliyin artmasına və ABŞ-Rusiya münasibətlərinin ciddi şəkildə pisləşməsinə səbəb olacaq. “Rusiya gərginliyin azaldılması istiqamətində konkret addımlar atmasa, bu, ABŞ-Rusiya münasibətlərinə və Rusiyanın beynəlxalq vəziyyətinə dərin mənfi təsir göstərəcək. Bu tarixi anda biz beynəlxalq tərəfdaşlarımızla birlikdə Ukraynanı dəstəkləməkdə davam edəcəyik”, – deyə Kerri bəyan edib.
Dövlət katibi bildirib ki, Rusiyanın son hərəkəti Ukraynada və bütün regionda sülhə və sabitliyə təhlükədir.

***

09:50

ABŞ-ın müdafiə naziri Çak Hagel Rusiyalı həmkarı Sergey Şoyqu ilə Ukrayna məsələsini müzakirə edib. Pentaqonun yaydığı məlumata görə, Çak Hagel xəbərdar edib ki, rus hərbi kontingentinin Ukraynaya yeridilməsi Avropa və dünyada təhlükəsizliyə təhdid yaradacaq. Hagel vurğulayıb ki, əgər Rusiya planını dəyişməsə, regionda qeyri-sabitlik güclənəcək, Rusiya dünya birliyindən daha çox təcrid olunacaq, gərginliyin artması Avropa və dünyada təhlükəsizlik üçün böyük riskə çevriləcək.

***

09:40

Kanadanın Xarici İşlər Nazirliyi Ukrayna hadisələri ilə əlaqədar olaraq Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Bu barədə məlumat Kanadının baş naziri Stiven Harper verib. O, bildirib ki, Kanada ABŞ-ın ardınca Soçidə keçiriləcək G8 sammitinə hazırlıqları dayandırıb.

***

03:15

ABŞ prezidenti Barak Obama öz administrasiyasına Ukraynanın yeni hökumətinə hərtərəfli yardım göstərmək və “Böyük səkkizliyin” Soçidə keçiriləcək sammitində iştiraka hazırlığı dayandırmaqla bağlı tapışırıq verib.

Ukraynaya kömək qərarı barədə Ağ evin yaydığı rəsmi məlumatda deyilir: “Prezident Barak Obama administrasiyaya tapışırıb ki, Ukrayna xalqına texniki və maddi yardım da daxil olmaqla, dəstək vermək üçün beynəlxalq tərəfdaşlarımızla təcili işi davam etdirək. Biz Ukraynaya vacib olan köməyi göstərmək, maliyyə sabitliyini təmin etmək, ölkədə vacib islahatlara dəstək vermək üçün müttəfiq və tərəfdaşlarımızla, Ukrayna hökuməti və Beynəlxalq Valyuta Fondu ilə sıx məsləhətləşməni davam etdirəcəyik”.
Məlumatda ABŞ-ın demokratik gələcək naminə cəhdlərində Ukraynaya dəstək olacağı da bildirilir.

ABŞ-ın Soçi sammitini boykot etməyə hazırlaşdığını isə Obamanın özü Putinlə telefon danışığında deyib. Yayılan məlumata görə, 90 dəqiqəlik telefon söhbətində Obama Putinə bildirib ki, ABŞ G8 sammitinə hazırlıq işlərində iştirakını dayandıracaq. Əgər Rusiya Ukraynada etnik ruslara qarşı münasibətdən narahatdırsa, bundan münasib çıxış yolu Ukrayna hökuməti ilə birbaşa əlaqə saxlamaq və BMT TŞ və ya ATƏT-in egidası altında fəaliyyət göstərən beynəlxalq müşahidəçilərin köməyi ilə məsələni dinc şəkildə həll etməkdir. Rusiya beynəlxalq hüquq normalarını pozmaqda davam edəcəksə, bu, onun böyük siyasi və iqtisadi təcridlə üzləşməsinə gətirib çıxaracaq.

***

02:30

Martın 1-də Rusiya və Ukraynanın baş nazirləri Dmitri Medvedevlə Arseni Yasenyuk arasında telefon söhbəti baş tutub. Rusiya hökumətinin yaydığı məlumata görə, söhbət zamanı Medvedev Yasenyuku iki ölkə arasında dostluq münasibətlərini qorumağa çağırıb.

02:20

ABŞ və Rusiya prezidentləri Barak Obama ilə Vladimr Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər. Kreml mətbuat xidmətinin yaydığı məlumata görə, Obama Rusiyanın hərbi əməliyyat niyyətindən narahatlığını bildirib, Putin isə Ukraynada rusların həyatına real təhlükənin yaranmasından danışıb və təhlükənin davam edəcəyi halda, Rusiyanın öz maraqlarını və rusdilli əhalini qorumaq hüququnu özündə saxladığını bildirib.

02:13

BMT Təhlükəsizlik Şurasının Rusiyanın Ukraynaya hərbi müdaxiləyə yol açan qərarından sonra çağırılan təcili toplantısı Bakı vaxtı ilə martın 2-i saat 02 radələrində başa çatıb.

“Azadlıq.info” xarici KİV-ə istinadla məlumat verir ki, bağlı qapılar arxasında aparılan müzakirələrdən sonra iclasın açıq və teletransilyasiya ilə keçirilməsi qərara alınıb. Rusiyanın buna etirazına məhəl qoyulmayıb.

Ukrayna Rusiyanı Krım yarımadasının strateji məntəqələrini işğal etməkdə suçlayıb. Ukrayna BMT TŞ daimi üzvlərinin qalan dörd üzvündən (ABŞ, Böyük Britaniya, Fransa və Çin) “Rusiyanın aqressiyasına son qoymaq” üçün kömək istəyib.

Ukraynanın BMT-dəki səfiri Yuriy Sergeyev bəyan edib ki, Rusiya Kiyevin vasitəçilərsiz, ikitərəfli müzakirə təklifini rədd edib.

Rusiyanın səfiri Vitali Çurkin isə Ukraynadakı vəziyyətin normallaşması üçün keçmiş prezidenti Yanukoviç, indi hakimiyyətdə olan, o zamankı müxalifət partiyaları və vasitəçi kimi çıxış edən 3 Avropa İttifaqı ölkəsi arasında fevralın 21-də imzalanmış razılaşmaya qayıtmağı təklif edib.

ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer isə bəyan edib ki, Rusiya hərbi təcavüzü dayandırmalı və Ukrayna hökuməti ilə əlaqə yaratmalıdır. “Ukraynada rus işğalına son qoymağın zamanı çatıb”, – deyə səfir qeyd edib. O, həmçinin, bildirib ki, BMT və ATƏT-in indi Ukraynaya nümayəndə göndərməsi məntiqli olardı.

ABŞ-ın mövqeyini Böyük Brtitaniyanın səfiri Mark Layal Qrant da dəstəkləyib. O, ölkəsinin Budapeşt memorandumu çərçivəsində məsləhətləşmələri zəruri saydığını da xatırladıb.

01:40

NATO Şurası (qurumun ali orqanı) martın 2-də Ukraynada yaranmış vəziyyəti müzakirə etmək üçün təcili toplantı keçirəcək. Bu barədə NATO baş katibi Rasmussen Twitter səhifəsində yazıb. Baş katib onu da əlavə edib ki, NATO Şurasının toplantısından dərhal sonra Ukrayna-NATO komissiyasının iclası keçiriləcək.

00.26

BMT-nin baş katibi Pan Gi Mun Avropaya yollanır. Səfər zamanı onun Rusiya prezidenti Vladimir Putinlə danışacağı da gözlənilir. Baş katib həmçinin bəyanat verərək Ukraynada baş verən hadisələri diqqətlə izlədiyini deyib və Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

00.18

ABŞ-ın CNN telekanılının məluamtına görə, Ağ Evdə prezident Barak Obamanın təhlükəsizlik məsələləri üzrə aparıcı müşavirlərlə, həmçinin güc strukturlarının rəhbərləri ilə görüşü başa çatıb. Böyük ehtimala görə, mövzu Krım məsələsi olub.

00.11

ABŞ-ın müdafiə naziri Çak Hegel rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığında Ukraynadakı vəziyyəti müzakirə edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

***********************************************************************************************************************************************************************

1 mart 2014

23.55

Ukrayna prezidenti səlahiyyətlərini icra edən, Ali Radanın sədri Aleksandr Turçinov Silahlı Qüvvələrin hazır vəziyyətə gətirilməsi ilə bağlı əmr verib.

O xatırladıb ki, RF Federasiya Şurası Rusiya qoşunlarının Ukrayna ərazilərinə yeridilməsi ilə bağlı Putinin müraciətini dəstəkləyib. Turçinov həmçinin bu aqressiya üçün heç bir əsasın olmadığını da bildirib.

Turçinov qeyd edib ki, Ukraynanın rusdilli vətəndaşları üçün təhlükənin olması ilə bağlı deyilənlər yalandır. «Ukrayna dövləti hansı dildə danışmasından və hansı regionda yaşamasından asılı olmayaraq bütün vətəndaşlarını qoruyur», – deyə o bildirib.

22.46

NATO Rusiyanı Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə çağırıb. Qurumun baş katibi Andres Foq Rasmussen bu barədə öz Tvitter səhifəsində yazıb. «Rusiya Ukraynanın müstəqilliyinə hörmət etməlidir. Bu da Rusiya qoşunlarının Ukraynada hərəkətinə də aiddir. Krımda situasiyanı dərhal sabitləşdirmək lazımdır», – deyə NATO baş katibi bildirib. O həmçinin qeyd edib ki, NATO-dakı müttəfiqlər sıx koordinasiyanı davam etməlidir. 

21:00

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə komissarı Ketrin Eşton martın 3-nə quruma üzv ölkələrin XİN başçılarının iclasını çağırıb. İclasda Ukraynadakı vəziyyət müzakirə olunacaq.

***

20:54

BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynaya hərbi müdaxilə qərarı ilə bağlı təcili toplantı keçirəcək. İclas Bakı vaxtı ilə saat 23-də başlamalıdır. Toplantını BMT TŞ-in daimi üzvü Böyük Britaniya çağırıb.

***

20:42

Ukraynanın Maydan mübarizəsində mühüm rol oynayan radikal “Sağ sektor” adlı ictimai təşkilatı Rusiyanın hərbi müdaxilə qərarına qarşı səfərbərlik elan edib və üzvlərini silahlanmağa çağırıb. Təşkilat həmçinin, Rusiyadakı Qafqazın Müqavimət Hərəkatına və digər bu tipli qurumları da fəallaşmağa səsləyib.

***

20:35

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo Rusiyanın qərarı ilə bağlı açıqlama verib. “Bizə qarşıdurmaya getməməli, mövqeləri yaxınlaşdırıb, əməkdaşlıq etməliyik”. Barrozo deyib ki, Krımdakı vəziyyət Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində həll olunmalıdır.

***

20:20

“UDAR” partiyasını lideri Vitali Kliçko Ali Radanı təcili toplanaraq, Qara dəniz donanması ilə bağlı Rusiya ilə olan müqavilənin ləğv etməyə çağırıb. O, həmçinin, Silahlı Qüvvələrin Baş Qərargahına tam səfərbərlik elan etmək səlahiyyəti verilməsini də istəyib.

***

19:10

ABŞ dövlət katibi Con Kerri və Ukraynanın prezident əvəzi Aleksandr Turçinov Rusiyanın Ukraynaya hərbi təcavüzə hazırlaşmasını telefon vasitəsilə müzakirə ediblər. Kerri əmin edib ki, ABŞ Ukraynanın maraqlarının müdafiəsində duracaq.
Turçinov deyib ki, Rusiyanın davranışını Ukraynanın suverenliyinə qarşı açıq təcavüz kimi qiymətləndirirlər. “Münaqişənin həllində strateji tərəfdaşlarımızın köməyinə güvənirik”, – Ukraynanın prezident əvəzi qeyd edib.
Cavabında Kerri bildirib ki, ABŞ hər zaman suveren dövlətlərin maraqlarının müdafiəsində durub, bundan sonra da duracaq və Ukraynada demokratiya və azadlıqların müdafiə edəcək.

***

19:02

Rusiyanın Federasiya Şurası martın 1-də keçirdiyi fövqəladə iclasda ölkə başçısı Putinin Ukrayna ərazisinə hərbi birliklər yeritməklə bağlı müraciətinə baxaraq, müsbət cavab verib. Şuranın sədri Valentina Motvienko müraciəti açıq səsverməyə çıxarıb. Şuranın hər iki komitəsi  – müdafiə və beynəlxalq məsələlər – Putinin müraciətinə dəstək veriblər. Federasiya Şurası yekdilliklə müracitlin lehinə olub.

***

18:59

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu martın 1-də Kiyevdə Ukraynanın yeni rəhbərliyi ilə görüşüb.
Davudoğlu ukraynalı həmkarı Deşiça ilə birgə mətbuat konfransında deyib ki, ölkəsi Krımda yaranmış vəziyyətdən narahatdır. “Krım hərbi qarşıdurmanın yox, turizmin, tərəqqinin və əməkdaşlığın mərkəzi olmalıdır. Türkiyə Krımdakı mövcud vəziyyətin mümkün qədər tez aradan qaldırılması üçün əlindən gələni etməyə hazırdır”, – deyə Davudoölu bildirib.
Türkiyə XİN rəhbəri Krım mövzusunda bir sıra həmkarları ilə ötən gün danışıq apardığını və müzakirələri davam etdirəcəyini qeyd edib. “Vəziyyəti tənzimləmək üçün bütün beynəlxalq müstəvilərdə, xüsusən də ATƏT və Avropa Birliyi səviyyəsində diplomatik səylər gücləndirilməlidir”, – deəy o əlavə edib.
Davudoğlu Krım əhalisinə bölgədə sülh və sakitliyi qorumağa çağırıb. O, bəyan edib ki, Krım problemi Ukraynanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməlidir. “Ukraynada stabillik Qara dəniz regionu üçün olduğu kimi, bütün Avropa üçün də əhəmiyyətlidir”, – deyə Davudoğlu vurğulayıb.
Öz növbəsində Deşiça qeyd edib ki, Krımda vəziyyət getdikcə gərginləşir və Ukrayna problemin dinc yolla həlli üçün istənilən beynəlxalq təşəbbüsü alqışlayır.

***

18:31

İsveçin xarici işlər naziri Karl Bild hesab edir ki, Rusiya Krıma hərbi müdaxilə gerçəkləşdirməklə orada Rusiyayönlü marionet hakimiyyət qurmağa çalışır: “Görünür, hazırkı addımlar Krımda oyuncaq hökümətin qurulmasına hesablanıb. Heç bir ölkə başqasının daxili işlərinə müdaxilə edə bilməz. Bu əsas prinsipdir. Mən qorxuram ki, bir qədər sonra Krımda da bizim əvvəl şahid olduğumuz ssenari həyaa keçirilsin. Rusiya dondurulmuş kobfliktlər yaratmağa meil edir”.

***

17:55

Rusiya prezidenti Vladimr Putin Federasiya Şurasına müraciət edib ki, Ukraynada ictimai-siyasi vəziyyət normallaşana qədər Rusiya silahlı qüvvələrindən bu ölkədə istifadə olunmasına razılıq versin.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

***

17:45

Ukraynanın sahil sərhəd xidmətindən verilən məlumata görə, hərbi həyacan siqnalı ilə dənizə çıxan gəmilərə rus hərbi katerləri yaxınlaşmaqdadır. Yaxınlaşan katerlər raketlərlə təchiz olunub. Rus katerlərinin məqsədi hələlik bilinmir.

16:45

Rusiyanın Federasiya Şurasının sədri Valentina Matvienko Krıma məhdud sayda qoşun hissələri yeridə biləcəklərini inkar etməyib. O deyib ki, məqsəd burada yaşayan rusların və Rusiyanın Qara Dəniz donamasının təhlükəsizliyini təmin etməkdir. “Tam mümkündür ki, Krım rəhbərliyinin xahişinə uyğun olaraq belə bir addım atılsın. Biz öz vətəndaşlarımızı müdafiə etməliyik”.

***

16:36

Rusya meyilli fəallar Donetsk vilayətinin administrasiyasına hücuma keçiblər. İnzibati binadan Ukraynanın dövlət bayrağı çıxardılaraq, əvəzinə rus bayrağı asılıb. Oxşar proseslər Xarkovda da cəryan edir. Avromaydan tərəfdarları Xarkov vilayətinin administrasiyasına sıxışdırılıblar. Hazırda demokratların olduğu bina aksiyaçılar tərəfindən mühasirəyə alınıb. Binanın önündə hazırda qarşıdurma gedir. Hər iki tərfədən ciddi xəsarət alanlar var.

Simferopolda isə silahlı şəxslər Həmkarlar İttifaqının binasını ələ keçirib. Bu bina olduqca böyük strateji əhəmiyyətə malikdir.

***

16:15

Xüsusi təyinatlıların formasında olan, təxminən 300 nəfərlik naməlum silahlı dəstə Ukrayna Dövlət Sərhəd Xidmətinin Sevastopoldakı dəniz mühafizə alayını ələ keçirmək istəyib. Bu barədə yerli KİV-ə DSX rəisinin müavini Sergey Astaxov məlumat verib. Onun bildirdiyinə görə, hadisə martın 1-i yerli vaxtla saat 13 (Bakı vaxtı ilə 15) radələrində baş verib. Silahlılar 10 avtomobil karvanı ilə hərəkət ediblər.

“Unian” xəbər verir ki, bundan başqa, Krımın Evpatoriya rayonunda da rus hərbçiləri Ukrayna hərbi hava qüvvələrinin zenit-raket hissəsinin idarəetmə məntəqələrindən birini ələ keçirmək istəyiblər.

Yaranmış vəziyyətlə əlaqədar Ukrayna ordusu da hərəkətə keçib. Ukrayna DSX-dən bəyan olunub ki, hərbi dəniz hissələrinin və gəmilərinin qorunması üçün bütün qanuni addımlar nəzərdən keçirilir. Bütün hərbi gəmilər döyüş siqnalı ilə açıq sulara çıxıb.

***

15:23

Son günlər dünya mətbuatının diqqət mərkəzinə olan Krımdan həyəcanlı xəbərlər gəlməkdə davam edir. ANS PRESS-in məlumatına görə, Ukrayna daxili işlər naziri tərəfindən Simferopola yeni təyin edilən rəis iş kabentinə buraxılmayıb.

“Simferopol” aeroportu üzərində isə hava məkanı qapadılıb və beynəlxalq reysləri qəbul etmir. Ukrayna baş naziri Arseni Yasenyuk rus hərbçilərinin Krımda fəaliyyətinin muxtariyyətdə turistik mövsümü iflasa uğratmağa yönəldildiyini bildirib. Rusiya tərəfinin məsələ ilə bağlı mövqeyi də özünü çox gözlətməyib.

Rusiya Federasiyası prezident administrasiyası Krım nümayəndələrinin Vladimir Putinə muxtariyyətdə yaranmış gərgin vəziyyətdən çıxış yolu üçün yardım əli uzatması xahişini cavabsız qoymayacağını bildirib.

***

13:54

Rusiya Krıma 700 nəfərlik xüsusi təyinatlılar qrupu göndərib. Sevastopoldakı hərbi mənbənin bildirdiyinə görə, Rusiya Qara Dəniz Donanmasının “Nikolay Filçenkov” desant gəmisi 700 xüsusi təyinatlını dünən axşam saatlarında Rusiyanın Sevastopoldakı hərbi-dəniz bazasına çatdırıb. Ukraynanın müdafiə naziri vəzifəsini icra edən admiral İqor Tenyux isə Ukrayna hökumətinin iclasında bildirib ki, Rusiya Krıma artıq 6 min hərbçi yeridib. “Reuters”-in xəbərinə görə, nazir qeyd edib ki, bununla əlaqədar Ukrayna ordusunun Krımdakı hərbi birləşmələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. İ. Tenyux həmçinin Krım ərazisində Rusiyaya məxsus 30-dək “BTR-80”-nin yerinin dəyişdirildiyini, rusiyalı hərbçilərin inzibati binaları və hərbi hissələri mühasirəyə aldığını deyib.  Qeyd edək ki, fevralın 28-də Krım Muxtar Respublikanın Nazirlər Şurasının sədri Sergey Aksyonov Krımda sülhün təmin edilməsinə kömək üçün Rusiya prezidenti V. Putinə müraciət edib. O bildirib ki, Muxtar Respublikada qeyri-müəyyən silahlı bölmələr yerləşdirilib, güc strukturları isə vəziyyəti effektiv şəkildə nəzarətdə saxlamağı bacarmır. Rusiya Prezidentinin Administrasiyasında isə deyiblər ki, Krım baş nazirinin müraciəti diqqətsiz qalmayacaq.

azadliq.info

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 01.03.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: