Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Maydan qələbə çaldı…

Avromaydan qəti qələbəsini çaldı; Yuliya Timoşenko azad edildi; növbədənkənar prezident seçkilərinin aprelin 25-də keçirilməsi haqqında qərar qəbul olundu

Fevralın 22-də Ukraynada Avromaydan qəti qələbəsini çaldı. Bir gün öncədən prezidentin paytaxtdan yoxa çıxması ilə başlayan siyasi qeyri-müəyyənlik bir gün sonra Ali Radanın prezidenti öz səlahiyyətlərindən məhrumetmə qərarı ilə bitdi.

 
Artıq fevralın 21-dən Yanukoviçin paytaxt Kiyevi tərk etməsi haqqında informasiyalar dolaşmaqdaydı. Yerli qaynaqlar prezidentin ölkəni tərk etdiyini bildirirdi. Bir sıra qaynaqlar isə Yanukoviçin hələ ölkədə olduğunu, ancaq ailəsinin Ukraynanı tərk etdiyini yazırdı. Ukraynada siyasi proseslər o qədər sürətli inkişaf edirdi ki, prezidentin harada olması, ailəsini hara qaçırması hakimiyyətin müxalifətə verilməsi prosesində arxa plana keçmişdi.
Müxalifət isə sivil yolla – parlament qərarı ilə hökumət vəzifələrini bir-bir ələ alırdı. Öncə Ali Radanın sədri, daha sonra daxili işlər naziri, baş nazir, ardınca xarici işlər naziri postlarına  müxalifət təmsilçiləri təyin edildi. Ancaq Ali Radanın bu qərarları müvəqqəti xarakter daşıyır. Çünki yeni təyin olunan şəxslər faktiki olaraq aralıq hökumətə rəhbərlik edəcək. Prezident seçkisindən sonra ölkədə koalision hökumət formalaşdırılacaq. Bu arada Ukraynada artıq növbədənkənar prezident seçkilərinin aprelin 25-də keçirilməsi haqqında da qərar qəbul olunub.
Az keçməmiş Ukraynanın Kiyevdən havaya qalxmış ancaq hara endiyi bəlli olmayan prezident uçağının sorağı Xarkovdan gəldi.
Ukrayna mediası yazırdı ki, prezident Viktor Yanukoviçin və 5 mühafizəçisinin olduğu uçaq Xarkov avasiya zavodunun ərazisinə enib. Xəbəri yerli mediaya hüquq-mühafizə orqanlarındakı yüksək rütbəli qaynaq verib.
Qaynağın sözlərinə görə, Yanukoviçi Dövlət Mühafizə Xidmətinin əməkdaşları ilə bir yerdə Xarkov milisinin xüsusi təyinatlı dəstələri qoruyur: “Məndə olan xəbərə görə, milislər və mühafizəçilər təhlükəsizlikləri üçün təminat alarlarsa xalqın tərəfinə keçməyə hazır olduqlarını bildiriblər”.
Prezidentin müşaviri Anna German da Yanukoviçin Xarkovda olmasını təsdiq edib: “Prezident Yanukoviç yanvarın 21-də axşamdan Xarkova işgüzar səfərə gedib. O, bu gün seçicilərlə görüşəcək, televiziyada çıxış edəcək”. Anna German onu da bildirib ki, prezident administrasiyasının rəhbəri Andrey Klyuev də prezidentlə bərabər Xarkovdadır.
Sonradan bəlli oldu ki, Rusiyaya meylli region kimi təqdim olunan Xarkovda da Yanikoviçi nəinki xoş qarşılamayıblar, əksinə, Avromaydançılar gecə ilə küçələrdə nümayiş keçirib Yanukoviçdən “əli xalq qanına batdığına görə” istefa tələb ediblər.
Administrasiyanın rəhbəri Yanukoviçin Xarkov televiziyasına müsahibə verəcəyini desə də bu baş vermədi. Əvəzində Ukraynanın artıq keçmiş prezidentinin qapalı bir məkanda jurnalist olduğu böyük şübhə doğuran, eyni zamanda kadrlara salınmayan bir qadına verdiyi müsahibə internet üzərindən yayıldı. Bənizi solan, əlləri əsən, dili topuq vuran Yanukoviç deyirdi: “Mən Ukraynanın qanuni prezidentiyəm və istefa vermək fikrim yoxdur. Bu dövlət çevrilişidir. Mən qan tökülməsinin qarşısını almaq üçün əlimdən gələni etdim. Biz 2 amnistiya aktı qəbul etdik. Biz ölkədə sabitlik əldə edilməsi üçün bütün addımları atdıq. Ancaq arzu etmədiyimiz olaylar baş verdi. Mən Xarkova dünən axşam gəlmişəm. Mən deputatların və ictimaiyyət nümayəndələrinin qurultayında iştirak etmək istəyirdim. Ancaq həmin toplantıya qatıla bilmədim. Çünki zaman itirə bilməzdim, eyni zamanda davamlı olaraq Kiyevlə əlaqə saxlamalı idim. Hər an insanların təqib edilməsi haqqında informasiyalar daxil olurdu. Mən bu gün banditlərin təqib etdikləri bütün insanları qorumağa çalışıram. İnsanlar evlərində və iş yerlərində, yollarda təqib altındadırlar. Mən bundan sonra qan tökülməməsi üçün bütün mümkün olanları edəcəyəm. Dünən ”Regionı” Partiyasının üzvləri Ali Radadan çıxanda onları daşa basıblar”. Burada görüntü kəsilir…
Həyəcanlı “prezident” davam edir…

“Bu gün xeyli insan partiyadan çıxması haqda xəbərlər doğrudur. Onların çoxu ailə üzvləri üçün narahatlıq keçirir. Bir daha bildirirəm ki, bütün bunlar basqı altında həyata keçirilir. Ancaq təbii ki, satqınlar da var. mən indi bu haqda danışmaq, kimində adını çəkmək istəmirəm. Yaşananları onların vicdanına buraxıram. Bizim partiyamız çox belə çətinlikləri atladıb. 2004-2005-ci illərdə olduqca çətin dönəmlərdən keçmişik. O zaman 200 min insan partiyadan getdi. Ancaq qısa zamanda 600 min yeni qüvvə gəldi. İndi də durum təkrarlanacaq. Milyon yarım üzvümüzdən ola bilər 500 mini partiyanı tərk etsin. Ancaq mən heç bu qədər insanın gedəcəyinə inanmıram. Partiyamız sağlamdır. Bu gün biz Ukraynada 30-cu illərdə Almaniyada, Avstriyada nasistlərin hakimiyyətə gəlişinə bənzər olaylar yaşanır. Partiyaları qadağan edirlər – Kommunist Partiyasının, ”Regionı” Partiyasının fəaliyyətinə imkan verilmirlər. Bizim partiyanın ölkə üzrə 200 ofisi yandırılıb. Evləri, maşınları yandırırlar, insanları öldürürlər, təqib edirlər”.

Sonda Yanukoviç Ali Radanın qəbul etdiyi heç bir qərarı imzalamayacağını deyirdi. Bu isə həmin qərarların qüvvəyə minməyəcəyi anlamına gəlir. Yanukoviçin bunklerdən gələn hədələrinə Ali Radanı bütünlüklə nəzarətinə alan müxalifətin tədbiri çox yubanmadı. Müraciətdən cəmi 15 dəqiqə sonra Ukrayna parlamenti prezidentin impiçmenti məsələsini müzakirəyə çıxararaq 296 lehinə, 4 səs əlehinə olmaqla qəbul etdi. Bununla da Ukraynada Yanukoviç erası başa çatdı.
İndi Yanukoviçi və hakimiyyət üzvlərini axıtdıqları vətəndaş qanına görə məsuliyyət gözləyir. Ukraynada insan haqlarının pozulması üzrə ictimai komissiya Yanukoviç başda olmaqla 25 yüksək vəzifəli dövlət məmurunu xalqa qarşı güc işlətməkdə məsul şəxs elan edib. İctimai komissiyadan unian.net-ə verilən xəbərə görə, siyahı Avropa Birliyinin tövsiyəsi əsasında hazırlanıb. Siyahıdakı şəxslərin gər birinə xüsusi sanksiyalar tətbiq ediləcək.
Prezident Yanukoviçin rəhbərlik etdiyi siyahıda prezident adminstrasiyasının rəhbəri Andrey Kluçevin, baş nazir əvəzi Sergey Arbuzovun, keçmiş daxili işlər naziri Vitali Zaxarçenkonun, keçmiş baş prokuror Viktor Pşonkanın, prezident administrasiyası rəhbərinin müavini Andrey Portnovun, ədliyyə naziri Yelena Likaş, baş nazirin müavini Yuri Boyko, xarici işlər naziri Leonid Kojara, Ali Radanın sədri Vladimir Rıbak, eks-baş nazir Nikolay Azarov, Kiyev Şəhər Dövlət Administrasiyasının sədri Aleksandr Popov , Kiyev Daxili İşlər İdarəsinin rəhbəri Valeriy Koyak və digər yüksək rütbəli güc strukturları təmsilçilərinin adı var.
Müxalifət təmsilçiləri isə artıq siyahının genişlənəcəyinin, sənəddə adı keçən şəxslərin avromaydan qatilləri kimi istintaqa cəlb ediləcəyinin anonsunu verib. Müxalifət liderləri bildirib ki, Ukraynanın keçmiş rəhbərləri xalqa qarşı törətdikləri cinayətlərə görə mütləq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.
İlkin siyahı artıq Avropa Birliyinə təqdim edilib. Bu isə o deməkdir ki, artıq siyahıdakı şəxslərin Avropaya çıxışı mümkün deyil. Bu arada Ukrayna vətəndaşları kütləvi şəkildə Yanukoviç və Ukraynanın bütün keçmiş hakimiyyət üzvlərindən Avropa İnsan Haqları Məhkəməsinə şikayətlər göndərməyə başlayıb. Şikayətdə Yanukoviç və komandasının insanlığa qarşı törətdikləri cinayətə görə cəzalandırılması tələb edilir.
                                                                                                        ¤¤¤¤¤
Ukrayna Ali Radasının qəbul etdiyi qərarla eks-baş nazir Yuliya Timoşenko da azad edilib. Xarkov həbsxanasından çıxan Timoşenkonun dərhal Kiyevə yol aldığı bildirilir. Yada salaq ki, Yuliya Timoşenko Rusiya ilə qaz anlaşmasının imzalanması zamanı vəzifəsindən sui-istifadəyə görə 7 ildir məhbəs həyatı yaşayırdı.
Ukraynanın həbsdən azad edilən sabiq baş naziri Yuliya Timoşenko Kiyevə çatan kimi dərhal Maydana gedib. Musavat.com-un məlumatına görə, o, əlil arabası ilə maşından düşürülüb. Maydandakılar sabiq baş naziri dövrəyə alıblar.
Yuliya Timoşenkonun maşından enən kimi ilk sözü “Ukraynaya eşq olsun” olub. Maydan sabiq baş naziri böyük coşğu və şüarlarla qarşılayıb.

35c62cf51ff7
Yuliya Timoşenko Maydanda çıxış edib. Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, tribunaya o, əl arabasında qalxıb. Çıxış zamanı o, göz yaşlarını saxlaya bilməyib, əlləri titrəyib. O, etirazçıları Maydanı tərk etməməyə çağırıb. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Timoşenko Maydanda əlil arabasında oturaraq çıxış edir.
“Sizə dağılışın deyən siyasətçilərə inanmayın. Hələ ki sizin bütün tələbləriniz yerinə yetirilməyib, bütün məsələlər həll olunmayıb siz  Maydanı tərk etməməlisiniz”, deyə Timoşenko bildirib.
Keçmiş baş nazir Mydana gəlməmişdən qabaq paytaxtın Qruşevski küçəsində həlak olanların xatirəsini yad edib.
                                                                                              ¤¤¤¤¤¤
Artıq Viktor Yanukoviçin Ukraynadan qaçmağa cəhd göstərməsi ilə bağlı məlumatlar yayılıb. Ukraynanın Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, silahlı şəxslər Donetsk hava limanından Viktor Yanukoviçi yola salmağa çalışıblar. Onlar sərhədçilərə bunun müqabilində rüşvət də təklif ediblər. Sərhədçilərin imtina cavabından sonra Viktor Yanukoviç zirehli avtomobillə hava limanını tərk edib. Lakin səlahiyyətləri əlindən alınmış prezidentin hara getməyə çalışdığı bəlli deyil. Kiyevdə qanlı toqquşmalar artıq arxada qalsa da, bir neçə gün əvvəlki toqquşmalar nəticəsində ölənlərin sayı artmaqda davam edir. Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, toqquşmalar başlayandan 82 nəfər ölüb.
                                                                                                *****
Ukrayna prezidenti Viktor Yanukoviç fevralın 22-də yerli vaxtla saat 22.40-da paytaxt Kiyevi tərk edib. V. Yanukoviç özünün ən sadiq mühafizəçiləri, eləcə də parlamentin sədri Vladimir Rıbak və prezident administrasiyasının rəhbəri Andrey Klyuyev ilə birlikdə prezident təyyarəsində naməlum istiqamətə uçub.

Ukrayna informasiya agentlikləri əvvəlcə dövlət başçısının Xarkova uçduğu haqda məlumat yayıb. Onun ölkənin cənub-şərq vilayətlərinin bütün səviyyələrdən olan deputatlarının fevralın 22-də Xarkovda keçiriləcək qurultayında iştirak edəcəyi bildirilib. ABŞ Dövlət Departamentindəki mənbə də V. Yanukoviçin Xarkova getdiyini söyləyib. Amerikalılara bu məlumatı xarici işlər naziri Leonid Kojara verib. Lakin Xarkov hava limanının rəsmi nümayəndəsi prezident təyyarəsinin bu şəhərə enmədiyini deyib.

“RBK Ukraina” agentliyi isə prezident təyyarəsinin fevralın 22-də saat 04.30-da Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra beynəlxalq hava limanına endiyi barədə xəbər yayıb. V. Yanukoviçin təyyarədə olub-olmadığı haqda hər hansı informasiya verilmir.

V. Yanukoviç Ali Radanın fevralın 21-də qəbul etdiyi çox vacib qanunları hələlik imzalamayıb.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 22.02.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: