Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Kiyevdə Ədliyyə Nazirliyinin inzibati binası ələ keçirildi

Kiyevdə Ədliyyə Nazirliyinin binası zəbt olundu; Avropa Parlamentindən vasitəçilik təşəbbüsü səsləndi

thumb_1385124625Ukraynada siyasi gərginlik və toqquşmalar davam edir.
Yanvarın 26-da, Bakı vaxtı ilə saat 02:30-da Kiyevin Qruşevski küçəsində mitinqçilər Ukrayna Evinə (keçmiş Lenin muzeyi) hücuma keçiblər. Meydanda belə məlumatlar yayılıb ki, Ukrayna Evində hökumət xüsusi təyinatlı dəstələr yerləşdirib və onlar Qruşevski barrikadalarını dağıtmaq üçün “arxa cəbhədən” hücuma keçəcəklər. Buna görə də etirazçılar Ukrayna Evini tutmağa qərar veriblər.
“Azadlıq” radiosuna açıqlamasında Viktor Kliçko bildirib ki, Ukrayna Evində 200 nəfərə yaxın polis olub, lakin onların arasında xüsusi təyinatlı “Berkut”un döyüşçüləri olmayıb. Ukrayna Evi ətrafında 5 saata yaxın davam edən gərginlik dinc yolla həllini tapıb. Mühasirədə olan 40-a yaxın polis əməkdaşı binanı arxa qapıdan tərk edərək yaxınlıqdakı avtobuslara miniblər. Etirazçılar onlara “Rədd olun!” qışqırsalar da, polisə hücum cəhdi olmayıb. Polisin binanı tərk etməsi üçün müxalifət lideri Viktor Kliçko onlarla danışıqlar aparıb.
Polislərin Qruşevski küçəsindəki barrikadalara və Avromeydanın arxasında yerləşən Ukrayna Evinə hansı məqsədlə gəldiyi naməlum qalıb. Mitinqçilərin bir qismi hesab edir ki, bu qrup onların diqqətini əsas hücumdan yayındırmaq məqsədi güdüb. Belə fikirlər də var ki, Ukrayna Evində toplaşan polis qüvvələri ümumi hücum zamanı etirazçılara arxadan zərbə vurmalı imiş.
Kiyevin Müstəqillik Meydanında dünənə təyin edilən ümumxalq mitinqi (xalq yığıncağı) təxirə salınıb. Səbəb qarşıdurmalar zamanı həlak olan Maydan fəallarından birinin dəfn mərasimidir. Dəfn vaxtı Xalq Yığıncağının elan olunduğu saatlara təsadüf edib və müxalifət mitinqi ləğv edərək dəfnə qatılmaq qərarı verib.

Ədliyyə Nazirliyinin bir binası zəbt olundu

Yanvarın 27-nə keçən gecə isə Maydan fəallarından bir qrupu Ədliyyə Nazirliyinin yaxınlıqdakı küçələrdən birində yerləşən binasını zəbt ediblər. Binanın qapısını qıran etirazçılar içəri daxil olaraq, orrada düşərgə salıblar.

Avromeydanla həmrəylik nümayişi

Krım tatarları Maydana dəstək ifadə ediblər. Krım Tatarlarının Məclisi mərkəzi hakimiyyəti ittiham edən və yanvarın 28-də Simferopolda “Diktaturaya qarşı” şüarı ilə mitinq keçirmək haqqında qərar verib. Sumı, Odessa və Dnepropetrovsk şəhərlərində isə Avromeydanla həmrəylik mitinqləri keçirilib.

Sumıda mitinqçilər vilayət quberniyasının, vilayət şurasının və şəhər şurasının binalarını mühasirəyə alıblar. Binaların giriş qapıları önündə barrikadalar qurulub. Aksiyaçılar bununla bazar ertəsi – yanvarın 27-də məmurların iş yerlərinə girmələrinin qarşısını almaq niyyətində olduqlarını deyiblər. Barrikadada bütün sutka ərzində növbə çəkiləcəyinə qərar verilib. Sumıda mitinqçilər vilayət və şəhər şuralarının sessiyalarının keçirildiyi binanı da ələ keçiriblər.

Odessada Primorsk bulvarında təxminən min nəfər Avromeydan tərəfdarı toplanıb. Onlar əllərində Ukrayna və Avropa Birliyinin bayraqlarını tutublar. Şəhər meriyası isə təhlükəsizlik qüvvələrinin mühafizəsi altına alınıb. Odessa hökuməti əhalini “ekstremistlərə” qarşı dirəniş göstərməyə çağırıb.

Dnepropetrovskda isə vilayət administrasiyasına (quberniya) hücum olub. Mitinqçilər binanın ətrafındakı hasarı aşıraraq yandırıblar. Binanı mühafizə edən təhlükəsizlik qüvvələri mitinqçiləri yanğınsöndürən maşınlardan su vurmaqla geri oturtmağa çalışıblar. Mitinqçilər milislərdən ikisini ələ keçirərək, onların silah-sursatını əllərindən alıb buraxıblar. Ərazidə partlayış səsləri eşidilib. Lakin günün sonunda Dnepropetrovskın Maydan fəalları adından məlumat yayılıb ki, quberniya binasına hücum hakimiyyətin təxribatı olub.

Ordu mitinqçilərə müdaxilə etməyəcək

Ukraynanın müdafiə naziri Pavel Lebede bəyan edib ki, ordu mitinqçilərə qarşı heç bir addım atmayacaq.
Zaporojyedə də mitinqçilər vilayət administrasiyasının binasına hücum ediblər. Eyni binada vilayət şurası da yerləşir. Hücuma səbəb administrasiya rəhbərinin (qubernator) mitinqçilər qarşısına çıxaraq, onların tələblərinin əksinə, vəzifəsindən və Regionlar Partiyasından istefa vermək niyyətində olmadığını bəyan etməsi olub. Qubernatorluğun qarşısında təxminən 10 min nəfər yığılıb. Milis qüvvələri binaya hücumun qarşısını almaq üçün gücdən istifadə edib. Maydan fəalları milislərə daş, milislər isə onlara səs və işıq bombaları atıblar. 15-20 dəqiqəlik toqquşmadan sonra binaya hücum dayanıb və mitinqçilərlə təhlükəsizlik qüvvələri arasında danışıqlar olub.

Yanvarın 27-ə keçən gecə isə Zaporojyevdəki Maydanı təhlükəsizlik qüvvələrinin dağıtdığı xəbəri yayılıb.

Poltavada toqquşma

Poltava vilayətinin Kremençuk şəhərində Maydan fəalları meriyanı tutmağa cəhd göstərib. Bir qrup fəal meriya binasına daxil olub. Şəhər merinin müavini Viktor Kalaşnik onlara etiraz etsə də, aksiyaçılar buna məhəl qoymayıb. Binaya daxil olmaq istəyən etirazçıların qarşısını milis kəsib və bu zaman kiçik toqquşma baş verib. Nəticədə meriyanın qapıları sındırılıb. Daha sonra mer Oleq Babayev Maydan fəalları ilə danışıqlara başlayıb. Danışıqlar nəticəsində belə bir razılıq əldə edilib ki, yanvarın 27-də aksiyaçıların tələbilə şəhər sovetinin növbədənkənar sessiyası keçirilsin. Sessiyanın Müstəqillik meydanında keçirilməsi planlaşdırılır və orada prezident Yanukoviçin istefası tələbilə müraciət ediləcəyi gözlənilir. Eyni zamanda, meriya binasında sabaha qədər bir neçə aksiyaçının və iki müxalifyönlü deputatın qalmasına dair razılıq əldə edilib.
Çernovtsı vilayətinin Xalq Şurası dünən keçirilən toplantısında böyük səs çoxluğu ilə vilayət ərazisində Regionlar və Kommunist partiyalarının fəaliyyətini qadağan edib. Regionlar partiyası isə bu qadağanın ölkə qanunvericiliyinə zidd olduğunu bildirib.

Dünyadan dəstək məktubları gəlir

Dünyanın müxtəlif yerlərində yaşayan 80-dən çox elm adamı və ictimai xadim Ukraynaya dəstək məktubu göndərib. Məktubda ukraynalıların mübarizəsi “demokratiya uğrunda mücadilə” kimi qiymətləndirilib. Məktub müəllifləri hesab edirlər ki, Ukraynanın gələcəyi xalqın özündən asılıdır. Və Kiyevin avtoritar gücü avrointeqrasiyanı tələb edən xalqını eşitməlidir: “Əhəmiyyətli dərəcədə demokratiyanın keyfiyyəti dünya və ölkə vətəndaşının məlumatlılığından asılılıdır. Ukraynada həqiqət obrazını hakimiyyətin nəzarətində olan, o cümlədən Putinin əlindəki media orqanları formalaşdırır. Demokratiya xatirinə biz Ukraynanın müstəqil, plüarizmi qoruyan KIV-ini möhkəmləndirməliyik”.
Məktub müəllifləri onu da qeyd edirlər ki, vətəndaş cəmiyyətinə, Maydan ərtafında doğulan yeni təşəbbüslərə də dəstək verilməlidir.
Roma Papası Fransis isə Ukraynada hökumət və müxalifət qüvvələrini qarşıdurmaya son qoyaraq dialoqa başlamağa çağırıb. Papa toqquşmalar zamanı həlak olanların yaxınlarına başsağlığı verib.

Avropa Parlamentindən vasitəçilik təklifi

Avropa Parlamentinin prezidenti Martin Şults “Deutsche Welle”yə müsahibəsində Ukraynadakı siyasi böhranın həlli üçün Avropa Birliyini fəal diplomatik vasitəçiliyə başlaması təşəbbüsü ilə çıxış edib. O, Ukraynada 2004-cü ildə, “Narıncı inqilab” zamanı AB-nin oynadığı vasitəçilik rolunu məmnunluqla xatırladıb və indiki məqamda həmin təcrübədən yararlanmağı mümkün sayıb.
Mümkün sanksiyalara gəlincə, Şults deyib ki, əgər böhranın diplomatik  həll yolu tapılmasa, onda Ukrayna rəsmilərinə aktivlərinin dondurulması, yaxud viza qadağası tətbiq edilə bilər.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 27.01.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: