Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Milli Şura liderlərindən hakimiyyətə sərt mesajlar

img1480611Birləşmiş müxalifət etiraz mitinqi keçirdi; Müsavat başqanı: “Əliyevləri tarixin arxivinə göndərəcəyik”; Rüstəm İbrahimbəyov müraciət göndərdi; hər kəs qələbədən danışdı…

Avqustun 18-də Demokratik Qüvvələrin Milli Şurası paytaxtın Bayıl qəsəbəsi, 20-ci sahə deyilən ərazisində, sürücülük məktəbinin həyətində “Azad və ədalətli seçkilər!”, “Siyasi məhbuslara azadlıq!” şüarları ilə mitinq keçirdi.

Mitinqə hazırlıqlar səhər saatlarında başlamışdı. Paytaxt polisi ənənəvi olaraq mitinqin keçirildiyi ərazini elə səhər saatlarından nəzarətə götürmüşdü. Meydana gəlib-gedənlər bir-bir yoxlanılır, bəzi şüarlar yazılmış vərəqələr alınaraq müsadirə olunurdu. Üstəlik, 18 yaşı tamam olmayan şəxslərin mitinq meydanına daxil olmasına qadağa qoyulmuşdu.

Milli Şuraya daxil olan partiyaların fəalları yavaş-yavaş meydana doğru gəlməyə başlayarkən, övladlarını naməlum səbəblərdən itirən əsgər valideynləri “Övladımızı verin!” şüarları səsləndirərək meydana  daxil oldular. Milli Şura fəalları onlara qoşulub, dəstək olduqlarını ifadə etməyə çalışdılar. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırovun göstərişi ilə şüar səsləndirərək meydana daxil olmaq istəyən şəhid ailələrini polislər dayandırdı.  Bu zaman qarşıdurma yarandı. Əsgər valideynlərindən bir neçəsinin ürəyi getdi. Buna baxmayaraq onları meydandan uzaqlaşdırdılar.

img1480481

***

Milli Şuranın ilk mitinqi   dövlət himninin səslənməsi ilə açıq elan olundu.  Milli Şuraya daxil olan partiya liderləri- Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud  Mirəlioğlu, ACP sədri Sülhəddin Əkbər, eləcə də “El” hərəkatının rəhbəri Eldar Namazov,  “El” Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev mitinq keçirilən meydana  gələrkən mitinq iştirakçıları tərəfindən böyük çoşqu ilə qarşılandılar.

Çıxış üçün ilk söz Eldəniz Quliyevə verildi. O, Milli Şura sədri Rüstəm İbrahimbəyovun mitinq iştirakçılarına müraciətini səsləndirdi.

İsa Qəmbər: “Hər halda bu il müxalifət qələbə qazanacaq”

img1480478

Daha sonra çıxış edən Müsavat başqanı İsa Qəmbər bu il Azərbaycan xalqının böyük dəyişikliyə ilk və sağlam addım atdığını söylədi : “Sizlər Azərbaycan xalqının tarixinə böyük şərəf səhifəsi yazırsınız. Əsgər analarını, partiya üzvlərini, buradakı hər kəsi salamlayıram. Mitinqin güclü alınmayacağını deyənlər yanıldılar. Onlar nəzərə almadılar ki, 25 illik mübrizəmiz tarixində ən güclü mitinqlər avqustda olub. Məsələn, 1989-cu ildə mitinqlər avqustda başladı və Azərbaycan xalqı ilin xalqı elan olundu. Avqustda başlanan builki seçki hərəkatı da qələbə ilə bitəcək. Biz Əliyevlər hakimiyyətini tarixin arxivinə göndərəcəyik. Burada ayrı-ayrı şəxslərin adını çəkməyə ehtiyac yoxdur.(Onun adını hayqıran kütləyə xitabən.) Adı çəkiləcək şəxs Rüstəm İbrahimbəyovdur. Biz onun qələbəsi üçün çalışacağıq. Qələbə bizim olacaq. Biz buna inanırıq. Hazırda biz gözəl bilirik ki, Milli Şurada müəyyən problemlər var. Vahid namizədimizin gəlməsinə süni əngəllər yaradırlar. Bu meydan bizim meydanımızdır. 25 illik mübarizə meydanını heç kəsə verməyəcəyik. Bütün xalq dəyişiklik istəyir. Azərbaycan xalqı bir ailənin 40 ildən artıq hakimiyyətindən bezib. Xalq haqqın-ədalətin olmamasından bezib. Xalqın iradəsi qarşısında heç bir qüvvə dayana bilməz. Azərbaycanın gələcəyini düşünən xalqın bütün kəsimləri bu mübarizəyə qoşulub. Ölkədəki dəyişikliklər bizim iradəmizdən keçir. Rüstəm bəyin vətənə dönüb seçkidə iştirak etməsi üçün əlimizdən nə gəlsə onu da edəcəyik. Sabahkı sessiyada biz vahid namizəd məsələsini həll edəcəyik. Ya bir namizəd seçib seçkilərə gedəcəyik, ya da İbrahimbəyovun da dediyi kimi, Milli Şurada təmsil olunanlardan bir neçə nəfər namizədliyini irəli sürəcək. Amma mübarizəmizi Milli Şuranın platforması çərçivəsində aparacağıq. Seçkilərə bir neçə gün qalmış isə bir nəfərin lehinə namizədliyimizi geri götürəcəyik. Hər halda bu il müxalifət qələbə qazanacaq”.  img1480553

Eldar Namazov: “Milli Şura haqqında yalan məlumatlar yaymağa çalışırlar”

Mitinqdə çıxış edən Eldar Namazov aksiyada iştirak edən ziyalıları, NİDA-çıları, siyasi partiya üzvlərini salamladı.

Eldar Namazov qeyd etdi ki, sabah tarixi iclas keçiriləcək: “Əmin olun ki, hansı variant seçilir seçilsin, nəticə məqbul olacaq. Bir neçə variant olsa da biz bir olacağıq. Milli Şura haqqında təxribatlar davam edir. ANS TV-də belə bir yalan məlumat yayılıb ki, guya İbrahimbəyov Milli Şuradan narazıdır. Mən dünən Rüstəm İbrahimbəyovla əlaqə saxladım. O, özü həmin jurnalistlərə bildirdi ki, yayılan bu xəbərlər şayiədir. Milli Şura haqqında yalan məlumatlar yaymağa çalışırlar. Mitinqə gəlmək istəyən onlarla dostlarımız həbs olunub. Burada olduğunuz üçün hamınıza təşəkkür edirəm”.

ACP sədri Sülhəddin Əkbər isə mitinqdə çıxışı zamanı bunları söylədi: “Bu qədər çətinliklərə baxmayaraq bura gəlməyi bacaran hər kəsə təşəkkürümü bildirirəm. Hakimiyyət Milli Şura üçün problemlər yaradır. Artıq üçüncü dəfədir prezident seçilmək istəyən İlham Əliyev 70 yaşlı bir ziyalı ilə mübarizə apara bilmir. Mübarizənin haqlı olduğunu deyirlərsə, buyursunlar bu meydana. Azad mübarizə, seçki keçirilsin, kimin qalib gələcəyini görək. Milli Şurada siyasi böhranın olduğunu deyirlər. Amma əmin ola bilərsiniz ki, indiyə qədər necə doğru qərar verimişiksə, bundan sonra da belə doğru qərarlar verəcəyik”.

Növbəti çıxışçı olan AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı hazırda həbsdə saxlanan gənc fəalların adlarını sadalayaraq onları salamladı və “onlar da bu gün burda olmalıydı”, –  deyə bildirdi.

Əbülfəz Qurbanlının çıxışından sonra meydana verilən elektrik enerjisi kəsildi. Bu səbəbdən də mikrafon işləmədi və çıxışlar yarımçıq kəsildi. Meydan “İstefa” şüarı qışqırmağa başladı. Qısa aradan sonra elektrik enerjisinin verilişi bərpa olundu.

img1480556Bundan sonra KXCP sədri Mirmahmud Mirəlioğlu çıxışa başladı. M.Mirəlioğlu qeyd etdi ki, 20 ildən sonra bura –  “20-ci sahə”yə gələ bildik: “Biz bunu 20 ilə bacardıq. Bunun qədrini bilməliyik. Hakmiyyətin mayası haramla yoğurulub. Yalançı, saxta işlər görən Səfər Əbiyevlə işlər görəcəyik? Biz istəyirik ki, yollarımız doğru-düzgün olsun. Bunu Ziya Məmmədovlamı edəcəyik? Təhsilimiz yaxşı olsun istəyirik. Bunu Misir Mərdanova rəhmət oxutduran qoruq qarovulçusu iləmi edəcəyik? Biz Ramil Usubovlamı haqqı-ədaləti, doğruluğu təmin edəcəyik? Biz bunlara ”yox” deməliyik. Biz Rüstəm İbrahimbəyovu seçmişiksə, onun qərarlarına da hörmət etməliyik”.

Onun çıxışından sonra Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini təşkilatçılara yaxınlaşaraq, çıxışlarda konkret adlar çəkməməyi istədi. Təşkilatçılar isə bu qanunsuz tələbə etirazını bildirdi.

Daha sonra NİDA hərəkatının üzvü Turqut Qəmbər çıxış etdi. O da gənc fəalların həbsindən danışdı və hakimiyyətin bu cür repressiyalarla ölkədə dəyişikliyin qarşısını ala bilməyəcəyini bildirdi.  O, Azərbaycan gəncliyinin azad olmaq istədiyini vurğuladı: “Kiminsə yanında başını aşağı salan, kimdənsə asılı gənclik olmaq istəmirik”.

Liberal Partiyasının sədri Əvəz Temirxan çıxışında Milli Şuranın vahid namizədi məsələsinə toxundu. O qeyd etdi ki, Milli Şura Rüstəm İbrahimbəyovun vahid namizədliyində israr etməlidir, çünki məhz bu variant yüzdə-yüz qələbə deməkdir: “Rüstəm İbrahimbəyov Azərbaycana gəlib seçkidə iştirak edə bilməsə, Milli Şura daxili müzakirələrlə elə bir seçim etməlidir ki, bu seçim qələbə seçimi olsun. Ziyalılardan biri və yaxud siyasi liderlərdən biri vahid namizəd ola bilər. İnanıram ki, Milli Şuranın 19 avqust sessiyasında, ya da yaxın günlərdə Milli Şura daxili müzakirələrlə qələbə seçimini edəcək”.

img1480440Müsavat Partiyası gəncləri adından mitinqdə partiyanın Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli çıxış etdi. O, Azərbaycan gəncliyinin mübariz olduğunu vurğulayıb və dövlət başçısı İlham Əliyevin əleyhinə danışdı. Əhəd Məmmədli Ermənistan prezidenti Serj Sərkisyanın avqustun 17-də erməni gənclərlə görüşündə Azərbaycandakı prezident seçkisinə toxunduğunu xatırlatdı: “Serj Sərkisyan deyib ki, Ermənistan üçün İlham Əliyevin seçilməsi daha məqbul variantdır. Bunun özü hər şeyi göstərir”.

Əli Kərimli: “Azərbaycan xalqı daha yuxarıdan islahatlar kimi nağıllara inanacaq qədər sadəlövh deyil”

AXCP sədri Əli Kərimli isə çıxışında Azərbaycan müxalifətinin birləşdiyini, Milli Şura yaratdığını və görkəmli ziyalı Rüstəm İbrahimbəyovu prezidentliyə vahid namizəd irəli sürdüyünü vurğuladı. O qeyd etdi ki, Azərbaycan xalqı daha yuxarıdan islahatlar kimi nağıllara inanacaq qədər sadəlövh deyil, yalnız hakimiyyət dəyişikliyi yolu ilə islahatlara nail olmaq mümkündür. Ancaq AXCP sədri müxalifətin demokratik dəyişikliklərə qarşıdurma yolu ilə nail olmaq istəmədiyini də vurğuladı və dinc, təşkilatlanmış mübarizəyə səslədi.

Əli Kərimli ölkənin təhsil, səhiyyə, hüquq-mühafizə sisteminin süquta uğradıldığını dedi, hakimiyyəti bəzi xarici havadarlarının köməyi ilə ölkəni talamaqda ittiham etdi. O bildirdi ki, bütün bu qanunsuzluqları yalnız hakimiyyəti demokratik seçkilər yolu ilə formalaşdırmaq nəticəsində durdurmaq mümkündür.

Aparıcı İbrahim İbrahimli elan etdi ki, Azneft dairəsində mitinqə gəlmək istəyən 500 nəfərə yaxın insanın qarşısını kəsib, meydana doğru buraxmırlar.

img1480519Mitinqin qətnaməsini həbsdəki Tofiq Yaqublunun qızı oxudu

Saat 19:30-da mitinqin qətnaməsi qəbul edilərək hazırda həbsdə olan Müsavat fəalı Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu tərəfindən oxundu.

Qətnamədə hakimiyyətdən azad və demokratik seçkilərin keçirilməsi tələb olunur, gənclərə və jurnalistlərə qarşı repressiyalar pislənir, korrupsiya hallarının aradan qaldırılması, evləri sökülən vətəndaşların hüquqlarının təmin olunması tələb edilir.

Aksiya qətnamənin oxunmasından sonra başa çatdı.

İsa Qəmbər: “Bu, hakimiyyətin qorxusundan xəbər verir”

Müsavat Partiyasının başqanı İsa Qəmbər Milli Şuranın 18 avqust mitinqini “Yeni Müsavat” üçün dəyərləndirdi. Müsavat başqanının sözlərinə görə, aksiya seçki dövrünün və Milli Şuranın ilk mitinqi kimi müsbət dəyərləndirilə bilər: “Yayın isti günündə, polis və hakimiyyət strukturlarının müqavimət göstərdiyi halda minlərlə insanın bizim çağırışımızla mitinqə gəlməsi yüksək qiymətləndirilməlidir. Mitinqdəki coşqu, gənclərin çoxluğu, şüarlar və plakatlar cəmiyyətin dəyişiklik istəyində olduğunu açıq şəkildə sübut etdi. Hesab edirəm ki, bu, yaxşı bir başlanğıcdır. Kütləvi tədbirlər və seçki hərəkatları davam edəcək. Demokratik düşərgə qalib gələcək”.

Aksiyada yaradılan süni əngəllər barədə də danışan Müsavat başqanı bildirdi ki, bu, hakimiyyətin qorxusundan xəbər verir: “Hakimiyyətdə qorxu olmasaydı, mitinqçilərin sayı bundan qat-qat çox olardı. Hakimiyyət dərk etdi ki, cəmiyyət dəyişiklik istəyir və bu tip kütləvi mitinqlərin davamı olacaq. Ona görə də hakimiyyət bunun qarşısını almağa çalışır. Hakimiyyət dərk etməlidir ki, xalqın dəyişiklik istəyinin, demokratikləşmə istəyinin qarşısını ala bilməyəcək”.

Azərbaycan DİN: “Aksiya insidentsiz keçib”

Daxili İşlər Nazirliyi dünən Bakıda keçirilən aksiyaya münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, aksiya insidentsiz ötüşüb: “Dünən özlərini Demokratik Qüvvələrin Milli Şurası adlandıran təşkilat Bayıldakı 20-ci Sahədə yerləşən sürücülük məktəbinin həyətində Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçirib. Aksiya insidentsiz ötüşüb. Aksiyanın keçirildiyi zaman ictimai asayişin və hüquq qaydasının kobud pozulması hallarına yol verilməyib”.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 19.08.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: