Hüseyn Abdullayevə qarşı çirkin kompaniyaya start verildi.
Sabiq millət vəkili Hüseyn Abdullayev bu günlərdə “Susma!” adlı yeni əsər yazıb, iyun ayının 3-də həmin əsər mediada yayıldı və video şəklində youtuba yerləşdirildi. Əsər son illər ölkəmizdə baş verən haqsızlıqlar, insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması, demokratik prinsiplərin kobudcasına tapdanmasına qarşı etirazı, əks etdirir. Videoda, son illər Fəvvarələr bağında keçirilən aksiyalarda polisin vəhşiliyini, insanlara qarşı tətbiq etdiyi vasitələr və kobudluğunu əks etdirir. Eyni zamanda İlham Əliyevin ilk seçildiyi il 16 oktyabrında Azadlıq meydanında seçki saxtakarlığına etiraz edən insanların polislər tərəfindən vəhşicəsinə döyülməsi səhnələrinə də videoda yer ayrılıb. H.Abdullayev bu əsərlə xalqı haqsızlığa qarşı mübarizəyə çağırır.
Hüseyn Abdullayev AzNews.az-a verdiyi açıqlamasında “Susma” əsəri vasitəsi ilə xalqa hansı mesajı vermək istədiyini də açıq bəyan edib: “Bu mahnıyla xalqıma güc və ruh verməyi özümə borc bildim. Nə demək istədiyim isə elə mahnıdan da çox gözəl basa düşülür. Onsuz da bu xalq hər gün mənəvi cəhətdən ölür və əsər bir növ buna etirazdır”.
Bu əsər yayılandan bir gün sonra Hüseyn Abdullayevin ailə üzvlərinə qarşı təzyiqlər başlayıb. Bu haqda H.Abdullayev özü Musavat qəzetinə müsahibə bildirib: “Əziz və çox dəyərli xalqım. Sizə bildirməliyəm ki, dünəndən başlayaraq bu günkü hakimiyyət mənə və ailə üzvlərimə qarşı çirkin şəkildə bir hədə-qorxu və təhdid kampaniyasına start verib. Belə ki, artıq mənim qardaşım Azər Abdullayev əsassız olaraq işdən çıxarılıb və mənim keçmiş biznes fəaliyyətimi yoxlayıb buna qondarma bir cinayət donu geyindirməyə çalışırlar. Bütün bunlar mənim yaradıcılığımla, son günlər yazdığım “Susma” əsəri ilə bağlıdır. Xalqımı ona qarşı olan bütün haqsızlıqlara, ədalətsizliklərə biganə qalmamağa çağırdığım üçün hakimiyyət mənə və ailə üzvlərimə qarşı bu cür cılız təzyiq üsulundan istifadə edir. Mən bu iqtidara bildirmək istəyirəm ki, belə metodlarla məni heç bir vaxt öz haqlı mövqeyimdən və əqidəmdən döndərməyə nail olmayacaqlar! Mənə qarşı hansı təzyiq formalarını tətbiq etsələr, yenə də bu gün diktatura rejimində əzab-əziyyət çəkən Azərbaycan xalqının mövqeyindən çıxış edəcəm. Sonadək millətimin yanında olacam, Vətənimin rifahı, azadlığı və firavanlığı üçün əlimdən gələni əsirgəməyəcəm.”
Mənim fikrimcə H.Abdullayevin bu əsəri bu il keçirilən Prezident seçkilərinin əsas marşı olacaq və bu marş həqiqətəndə xalqa inam, ruh yüksəkliyi və güc verəcəyinə inanıram.