Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Azərbaycan Ziyalılar Forumunun yaradıcılarından olan yazıçı, Rusiya Azərbaycan Təşkilatları İttifaqı Koordinasiya Şurasının üzvü Rüstəm İbrahimbəyov “od püskürdü”

thumb 100% bu seçkidə yeni prezident seçiləcək!

Azərbaycan Ziyalılar Forumunun yaradıcılarından olan yazıçı, Rusiya Azərbaycan Təşkilatları İttifaqı Koordinasiya Şurasının üzvü Rüstəm İbrahimbəyov “Media forum” saytına müsahibə verib.
– Ötən il dekabrın 30-da Rusiyadan Azərbaycana qayıdan zaman Bakı aeroportunda üzləşdiyiniz problemlərin araşdırılması üçün dövlət orqanlarına müraciət etmisinizmi? 
– Xeyr, heç bir yerə müraciət, şikayət etməmişəm. Çünki aeroportda mənə dedilər ki, bu, texniki problemdir, kompüter işləmir, kompüterin yaddaşında problem yaranıb, ona görə də nəyisə dəqiqləşdirmək üçün araşdırma aparırlar. Dəfələrlə soruşdum, yalnız onu dedilər ki, texniki problemdir. Onlar bunu axıradək deyəcəklər. Əslində saxlanmağımın səbəbləri mənə məlum idi. Sərhədçilər sadəcə bəhanələr gətirirdilər və texniki problem söhbətini də əsassız olaraq ortaya atmışdılar. Amma sonda bir cavan zabit mənə dedi ki, siz bizim ali baş komandanımızı saymırsınız, biz də sizi saymırıq. Cavan zabitin söylədikləri ilə saxlanmağımın əsas səbəbi açıldı. Lakin bunu rəsmi formada demədilər.
Yaxın günlərdə bununla bağlı mövqeyimi yazılı formada mətbuata, ictimaiyyətə çatdıracam, bəyanatla çıxış edəcəm. Ancaq hansısa dövlət orqanına müraciət etmək, şikayət yazmaq fikrində deyiləm.– Niyə müraciət etmək istəmirsiniz? 
– Bunu etmək mənasız işdir. Çünki müraciət etsəm, cavab verəcəklər ki, texniki problem olub, kompüter işləməyib, yalnız siz deyil, 17 nəfər eyni vəziyyətlə üzləşib, onların da sənədləri araşdırılıb, bu müddətdə gözləməli olublar, siz də onların arasında, sizinlə bağlı problem yoxdur və sair. Hər halda mənə rəsmi formada belə dedilər.

– Üzv olduğunuz beynəlxalq təşkilatların baş verənlərdən xəbəri varmı? Sizə dəstək verənlər oldumu? 
– Yüzlərlə insan zəng edib fikrini bildirdi, dəstək verdi. Dünyanın müxtəlif yerlərindən zəng etdilər. Problem tez həll olunduğundan əlavə dəstəyə ehtiyac olmadı. Amma məsələ bir qədər də uzansaydı, Bakıda olan müxtəlif beynəlxalq təşkilatların, səfirliklərin təmsilçiləri aeroporta toplanacaqdı. ABŞ-ın, Avropa ölkələrinin Bakıdakı səfirliklərindən zəng etdilər, dedilər ki, sizi dəstəkləyirik, ehtiyac varsa, məsələyə qarışaq. Aeroportdan çıxandan sonra onlara bildirdim ki, dəstəyinizə görə sağ olun, problem həll olundu, müdaxiləyə ehtiyac yoxdur.

Hesab edirəm ki, aeroportda baş verənlər sadəcə olaraq mənə barmaq silkələmək idi. Mənə demək istəyirlər ki, əzizim, özünü yığışdır. Azərbaycanda indiyədək belə hallar olub. Hökuməti bəyənməyən, dəstəkləməyən ictimai-siyasi fəalları müxtəlif formada cəzalandırırlar, bunun üçün bəhanələr tapırlar. Necə ki, bir avtomobil qəzasından istifadə edib müsavatçı gənc Nigar Yaqubluya uzunmüddətli həbs verdilər. Məni də aeroportda saxlamaqla nəzərimə çatdırdılar ki, sənin də başına nə istəsək gətirə bilərik, özünü bir az yığışdır. Demək istəyirdilər ki, əgər istəsək, səni Azərbaycana, vətəninə buraxmarıq. Elə hərəkət eləmə ki, səni ölkəyə, vətəninə buraxmayaq.

– Baş verənlər gələcək fəaliyyətinizə necə təsir edə bilər? 
– Belə hallar mənim fəaliyyətimə qətiyyən təsir edə bilməz. Mən belə hadisələrdən, hədələrdən qorxmuram, çəkinmirəm və heç vaxt öz mövqeyimi dəyişən deyiləm. Bundan sonra da Azərbaycanda baş verən proseslərə biganə qalmayacam, haqsızlığa qarşı səsimi ucaldacam, məsələləri ürəyimin səsiylə, doğru bildiyim formada qiymətləndirəcəm. Bütün bunlar yayacağım bəyanatda da əks olunacaq.
Bizim prinsip nədən ibarətdir? Ziyalılar Forumunun məqsədi nədir? Hesab edirəm ki, insanların bunu bilməsi vacibdir. Azərbaycanda hətta hökumətdə böyük dəyişikliklər olsa, yaxud da indiki prezident getsə, yerinə yenisi gəlsə, demokratik hakimiyyət formalaşsa belə, Ziyalılar Forumunun təsisçiləri, iştirakçıları heç bir vəzifə tutmayacaq, başqa imkanlardan istifadə etməyəcək. Biz indi necə yaşayırıqsa, elə də yaşayacağıq. Amma biz xalqın ruhunu qaldırmağı, insanlara nümunə göstərməyi özümüzə borc bilirik. İnsanlara demək istəyirik ki, bir adam doğru yol tutanda, həqiqət axtaranda, haqsızlığa qarşı çıxanda heç də o demək deyil ki, özü üçün mütləq nəsə axtarır, şəxsən nəsə qazanmaq istəyir, vəzifə tutmağı, pul, var-dövlət əldə etməyi düşünür. Xeyr, belə deyil. Bu bizim prinsipdir. Ona görə də bizə konkret siyasi üstünlüklər, vəzifə qazandıran işlərə qarışmayacağıq.
Biz əvvəldən bəyan etmişik, indi də eyni mövqedə qalırıq ki, Ziyalılar Forumunun məqsədi siyasətlə məşğul olmaq, hakimiyyətə gəlmək deyil. Bizim əsas məqsədlərimizdən biri vətəndaş cəmiyyətinin əsasını qoymaq, ictimai rəyi formalaşdırmaqdır. Hesab edirik ki, buna nail olmuşuq. Artıq minlərlə ziyalı ictimai proseslərdə fəal iştirak edir, öz fikrini, mövqeyini qorxmadan açıq formada deyir. Bu, çox vacibdir. Əgər iqtidar bir qədər ağıllı olsaydı, ləkələmək, böhtan atmaq əvəzinə bizi dinləyərdi.

– Yəni Ziyalılar Forumu 2013-cü ilin prezident seçkisində öz namizədi ilə iştirak etməyəcək? 
– Ziyalılar Forumu prezident seçkisində namizəd irəli sürməyəcək. Amma seçkinin qanuni, demokratik, şəffaf keçməsinə, müxtəlif fırıldaqların olmamasına, ekzit-pol keçirməyə çalışacağıq. Bütövlükdə normal, xalqın iradəsini əks etdirən seçkinin olmasına çalışacağıq. Ancaq Ziyalılar Forumu seçkiyə öz namizədi ilə qatılmayacaq. Bu bizim prinsipial mövqeyimizdir. Siyasətlə məşğul olan insanların bu prosesdə özləri üçün xeyir götürməyə çalışmaları çox yaxşı haldır. Hesab edirəm ki, böyük bir hərəkat yaranmalıdır. Bu hərəkat elə geniş olmalıdır ki, bütün ictimai-siyasi qüvvələri, gənclər təşkilatlarını, ziyalıları birləşdirə bilsin. Həmin hərəkat prezident seçkisində öz namizədini irəli sürməlidir. Biz bunu dəstəkləyirik. Həmin namizədin kimliyi Müsavat, AXCP və digər siyasi partiyalar, ictimai qüvvələrlə birlikdə müzakirə olunmalıdır. Mən buna vahid namizəd demirəm, əsas namizəd adlandırıram. Yəni seçkidə bir neçə namizəd ola bilər və onların içindən əsas namizəd seçilər. Əsas namizədi bizim tanınmış, ən güclü ictimai təşkilatlarımız, siyasi partiyalarımız, Ziyalılar Forumu, ayrı-ayrı ziyalılar, ictimai xadimlər dəstəkləməlidir. Belə bir hərəkat mütləq yaranmalıdır. Hazırda bununla bağlı iş gedir, gənclər bu prosesdə fəal iştirak edir. Bu barədə mənə də məlumat verildi. Belə bir hərəkat mütləq yaranacaq və yaxın günlərdə təşkilatçılar bunu elan edəcəklər. Ziyalılar Forumu da həmin hərəkatı dəstəkləyəcək. Ziyalılar Forumu, Müsavat, AXCP, başqa ictimai-siyasi təşkilatlar, geniş ictimaiyyət tərəfindən dəstəklənən əsas namizədin qələbə qazanacağı şübhə doğurmur. Biz hamımız birləşib, var gücümüzü sərf etməli, ortaya qoymalıyıq ki, əsas namizədimiz seçkini udsun. Eyni zamanda bütün beynəlxalq ictimaiyyətə müraciət etməliyik, xahiş etməliyik ki, prezident seçkisinin ədalətli keçməsi üçün bizə dəstək versinlər, prosesdə iştirak etsinlər. Çünki belə olmasa, hakimiyyət saxtakarlıq mexanizmini işə salacaq və seçkini yenə də saxtalaşdıracaq.

– Yeni hərəkatda kimlər təmsil olunur? Siz özünüz bu prosesin iştirakçısınızmı? 
– Ziyalılar Forumu yeni hərəkatın iştirakçısı, təşkilatçısı deyil. Amma biz bu hərəkatı dəstəkləyirik. Hərəkatı yaradanlar başqa insanlardır. Təşkilatçılar bizim yanımıza gəlmişdilər və biz onlara dəstək verəcəyimizi dedik. Mən onları qabaqlayıb hər şeyi demək istəmirəm, özləri bunları açıqlayacaqlar. Hərəkata çox gözəl ad seçiblər. Çox dərin mənalı, bizim türk ənənələrimizlə bağlı, tarixi addır. 10-15 günə təşkilatçılar hər şeyi elan edəcəklər. Çox mütərəqqi, qabaqcıl hərəkatdır, onu 15-20 təşkilat yaradıb. Orada partiyalar, gənclər təşkilatları təmsil olunur.

– Xalq Cəbhəsi və Müsavat partiyaları da yeni hərəkatda varmı? 
– Hərəkatı yaradanlar arasında hər iki partiyanın üzvləri var. Eyni zamanda hər iki partiyanın gənclərinin təsis etdiyi təşkilatlar hərəkatda iştirak edir. Ümid edirəm ki, hərəkat elan olunduqdan sonra AXCP, Müsavat, Ziyalılar Forumu onu açıq formada dəstəkləyəcək və işlərində köməklik göstərəcək. Çünki bu, çox vacib hərəkatdır, bu hərəkat kimi əsas hesab etsə, biz onu dəstəkləyəcəyik. Təbii ki, əsas namizədin müəyyənləşdirilməsi prosesində biz də iştirak edəcəyik, məsləhətlərimizi verəcəyik. Məlumdur ki, Müsavat Partiyası İsa Qəmbərin namizədliyini irəli sürüb. Əsas namizəd İsa Qəmbər də, başqası da ola bilər. Bütün bunları müzakirə etməliyik və əsas namizəd mütləq olmalıdır. Azərbaycan vətəndaşları kimi dəstəkləsə, prezident o olacaq. Amma həmin namizəd Ziyalılar Forumunun üzvü olmayacaq. Bir nəfərdən başqa. Bu da Eldar Namazovdur. Eldar Namazov namizəd ola bilər, çünki o, peşəkar siyasətçidir, politoloqdur. Ziyalılar Forumunun digər təsisçilərinin peşəsi başqadır. Eldar Namazovun peşəsi isə siyasətdir. Ona görə də Eldar Namazova bu icazəni veririk. Amma onun seçkidə iştirak edib-etməyəcəyini bilmirəm.

– Rüstəm müəllim, prezident seçkisi dövründə Bakıda olacaqsınızmı? Seçkidən əsas gözləntiniz nədir? 
– Mən yüz faiz əminəm ki, bu seçkidə çox şey dəyişəcək, hakimiyyətə təzə adam gələcək. Təzə prezident seçiləcək. Buna şübhə etmirəm. Ola bilər, bir qədər lovğa səslənir, amma deməliyəm ki, mən bir işə qarışanda həmişə onun müsbət nəticəsi olur. Bu nəticə isə hamının xeyrinə olur və əksəriyyət razı qalır. Mən buna inanıram. Çünki rayonlarda oluram, camaatla görüşürəm və camaat hamısı narazıdır. Mən hökumətin işindən razı adama rast gəlməmişəm. Elə hökumət işçilərinin özləri də narazıdır. Ola bilər ki, beş-on nəfər razıdır. Kim ki korrupsiya və rüşvətlə məşğul olur, onların arasında da narazılıq başlayıb. Bu, çox qəribə bir şeydir və elə problem də bundadır. Artıq hamı narazıdır və dünya da ayılıb. Hər gün xaricdən yeni xəbərlər alırıq, onlar da çox şeyi özləri üçün aydınlaşdırırlar. Azərbaycandan gedən düzgün informasiyaların sayı getdikcə artır.

– Abşeron Rayon Məhkəməsi Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun qızı, gənc fəal Nigar Yaqublunu 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Bunu necə qiymətləndirirsiniz? 
– Nigar Yaqublunun işi ilə bağlı hamının fikri eynidir. İctimaiyyət hesab edir ki, o gənc qızı siyasi və ictimai fəaliyyətinə görə cəzalandırıblar, ona ağır cəza veriblər. Deputatların, ziyalıların, ictimaiyyət nümayəndələrinin dəfələrlə müraciət etməsinə baxmayaraq istintaq və məhkəmə prosesi dövründə Nigar Yaqublunu həbsdən buraxmadılar. Hüquqşünaslar da deyiblər ki, istintaq və məhkəmə dövründə iş lazımi səviyyədə araşdırılmayıb. Bütün bunlar sübut edir ki, hökumət Nigar Yaqublunu yalnız fəaliyyətinə görə cəzalandırıb. Ziyalılar Forumu da bununla bağlı bəyanat verib. Mən də forumun, ictimaiyyətin fikirləri ilə razıyam. Hesab edirəm ki, məhkəmənin Nigarla bağlı qərarı ədalətli deyil. Nigar Yaqublunun əsas günahı fəal vətəndaş olması, öz mövqeyini fəal və ciddi formada müdafiə etməsidir. Hökumət isə onu cəzalandırmaq üçün fürsət tapıb və bundan maksimum yararlanıb.

– Sizcə, bu həbslər gəncləri fəal ictimai-siyasi mübarizədən çəkindirə bilərmi? 
– Hakimiyyət buna cəhd edir, amma nəticəsi olmayacaq. Çünki Nigar Yaqublunu həbs etmək, məni qorxutmaq onu göstərir ki, hakimiyyət çapalayır, lakin yaddan çıxarırlar ki, belə hərəkətlərlə özlərini biabır edirlər. İstədikləri nəticəni isə ala bilməyəcəklər. Cəmiyyətdə vəziyyət elə bir həddə gəlib ki, belə hərəkətlərlə heç kimi qorxutmaq olmaz. İnsanlar sonadək mübarizə aparacaqlar.

– Rüstəm müəllim, ötən müsahibənizdə bildirmisiniz ki, Rusiya Azərbaycan Təşkilatları İttifaqının fəaliyyəti ilə bağlı bir sıra anlaşılmazlıq varmış və ittifaqın sədri Abbas Abbasovun prezident İlham Əliyevlə görüşündə bunlar aradan qaldırılıb. Əsas anlaşılmazlıq nədən ibarət olub? 
– Burada bir neçə anlaşılmazlıq olub. Birincisi, bizim hakimiyyət yalnız özünün yaratdığını dəstəkləyir. Əgər kimsə buna təşəbbüs göstərirsə, ona dərhal şübhə ilə yanaşırlar, həmişə etiraz edirlər ki, buna ehtiyac yoxdur. Ancaq özlərinin yaratdıqları xoşlarına gəlir.

İkincisi, Rusiya Azərbaycan Təşkilatları İttifaqına daxil olan şəxslərin əksəriyyəti çox varlı və Rusiyada böyük hörmətə malik şəxslərdir. Ona görə də hakimiyyətdəkilər şübhələnmişdilər. Onların şübhəsi bundan ibarət idi ki, bəlkə bu ittifaq Rusiya hökuməti tərəfindən yaradılıb. Hər halda narazılıqlarını belə ifadə etmişdilər. Amma yəqin ki, gerçəkdə bunun belə olmadığını özləri də bilir. Abbas Abbasovla söhbətdə bu sual ona verilib. O isə cavab verib ki, nəyə görə Rusiya hökuməti belə bir təşkilat yaratmalıdır və əlavə edib ki, Rusiya hökumətində buna heç kim qarışmayıb, bu ittifaq onların təşəbbüsü deyil.
Üçüncüsü, Diasporla İş üzrə Dövlət Komitəsi çox pis işləyir. Rusiya Azərbaycan Təşkilatları İttifaqı yarananda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsində dərhal bundan narahat oldular. Çünki Nazim İbrahimovun rəhbərlik etdiyi komitə çox zəifdir, fəal təşkilatın yaranması isə bu zəifliyi ortaya çıxarır. Ona görə də yeni təşkilatların yaranmasını qısqanırlar, yeni təşəbbüslərin əleyhinə çıxış edirlər. Bu, çox cılız bir qısqanclıqdır. Özləri heç nə bacarmırlar, kimsə nəsə etmək istəyəndə isə buna qarşı çıxırlar. İndi deyirlər ki, Ümumrusiya Azərbaycanlıları Konqresini biz yaratmışıq. Əslində düz demirlər və məsələni təhrif edirlər. Konqresi biz yaratmışıq. Hakimiyyət bir vaxt heç konqresi də qəbul etmirdi, deyirdi ki, bu nəyə lazımdır? Sonra Heydər Əliyev konqresin yaranmasına razılıq verdi və özü konqresin yaranmasında fəal iştirak etdi, birinci qurultayda çıxış etdi. Amma təşəbbüs Azərbaycandan gəlməmişdi. Sonda Azərbaycanda onu dəstəkləməyə məcbur oldular. Yarım il isə buna ancaq etiraz etmişdilər. 2 il əvvəl Bakıdan Moskvaya getmiş rəsmilər konqresin işini alt-üst etdilər. Konqres heç indi də qeydiyyatdan keçə bilmir.

– Hazırda Azərbaycandasınız. Səfərə nə vaxt gedirsiniz?
– Təxminən yanvarın 20-dən sonra bir aylıq xaricə gedəcəm, sonra yenidən Azərbaycana qayıdacam və 2 ay burada olacam. İşlərimlə əlaqədar 15 günlük, yaxud 1 aylıq səfərlərə getməli olacam. Amma vaxtımın böyük hissəsini Bakıda keçirəcəm

media forum.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 08.01.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: