Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Daxili İşlər Nazirliyində tətbiq edilən intizam məsuliyyətləri


daxili-ishler       Demokratik idarəetmə sistemli ölkələrdə, özünü idarə edən qeyri-dövlət təşkilatların rolu əvəzsizdir. Müəyyən peşələr üzrə birləşmiş insanlar, struktur daxili qaydalar və peşə üzrə etika müəyyən edərək, fəaliyyəti ilə dövlət hakimiyyətin idarəetmə sahəsində, işini yüngülləşdirir. Müstəqillik əldə edildikdən sonra, Azərbaycanda Respublikasının hakimiyyət idarəçiliyindən kənarda, de-fakto və de-yure fəaliyyəti ilə məşğul olan müxtəlif təşkilatların fəaliyyəti başlanmışdır. Sonradan bu kimi fəaliyyətə başlayan, qeyri formal qurumların fəaliyyətinin hüquqi tənzimlənməsi prosesi başlanmışdır. Hər bir qurum barədə (siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları) ayrıca qanunvericilik qəbul edilmişdir. Bunlarla yanaşı özəl kommersiya təşkilatları da fəaliyyətə başladı. Cəmiyyətdə formalaşmasını davam etdirən bu tipli qurumların fəaliyyətinin hüquqi tənzimlənməsində, əsas problem qanunvericilik sistemi ilə bağlıdır. Əsasda peşə təşkilatları və ya özünü idarə edən qurumlarla bağlı (Vəkillik və vəkil fəaliyyəti haqqında qanun istisna olmaqla) qanuvericilik yoxdur.

        Hakimlərin, prokurorların, notariusların, polislərin, rəssamların, yazıçıların, kinorejissorların, həkimlərin, stomotoloqların və s. peşələrə malik olan insanların vəkillik peşəsində olduğu kimi məcburi şəkildə peşə təşkilatlarında birləşməsinə zərurət vardırmı?

        Burada yuxarıda adları qeyd olunan dövlət orqanlarının rəhbərləri və ya məsul işçiləri tərəfindən tərtib olunmuş peşə nizamnaməsi əsasında peşə fəaliyyətləri nizamlanır.

        Azərbaycan Respublikasında bəzi dövlət təşkilatlarının hüquqi statuslarının müəyyən olunması və bu buna uyğun olaraq təsnifatlaşdırılması, problem olaraq qalmaqdadır. Bu barədə qanunvericiliyin olmaması səbəbindən ölkədə fəaliyyət göstərən bəzi dövlət qurumları öz daxili nizamnaməsi əsasında fəaliyyət göstərməyə məcburiyyətində qalırlar ki, bu da praktikada ciddi problemlərə gətirib çıxarır.

       Yuxarıda qeyd olunduğu kimi, orqanların rəhbərləri və ya məsul işçiləri bu barədə qanunvericilik olmadığından, daxili əmrlə rəhbərliyin iradəsini ifadə edən, bəzi qanunvericiliklərə zidd nizamnamələr hazırlayırlar buda gələcəkdə tabeçilikdə işləyən işçilərin hüquqlarını məhdudlaşdırır. Bu sahədə ciddi islahat aparılmalıdır yəni həmin daxili əmrlərin konstitusiyaya və digər qanunverici aktlara uyğunluğunu müəyyən etmək məqsədi ilə ən azından peşə sahəsi üzrə alimlərinin senzurasından keçirilməlidir.

     Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının peşə fəaliyyətini müəyyənləşdirən İntizam Nizamnaməsinin intizam məsuliyyətləri sahəsinə toxunacam. Bu sahədə DİO-da vəziyyət acınacaqlıdır.

        Əslində Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarının intizam nizamnaməsi hüquqi məsuliyyət, intizam məsuliyyəti şəklində təzahür edir. Əməkdaşlar xidmət funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməli və İntizam nizamnaməsinə və etik davranış kodeksinə riayyət etməlidirlər. İntizam məsuliyyəti xidmət intizamının möhkəmləndirilməsində mühüm rol oynamalıdır.

       Hüquqi baxımdan intizam məsuliyyəti intizam xətası törətmiş şəxslə intizam tənbehini tətbiq edən subyekt arasındakı hüquqi münasibətdir. İntizam məsuliyyətinin mövcudluğunun maddi əsası kimi xidmət prosesində ciddi intizamın təmin edilməsi olan obyektiv zərurət, müəssisələrin fəaliyyətində xidmət intizamının pozulması faktlarının mövcudluğu və intizam məsuliyyətinin xidmət intizamını pozanlara qarşı müsbət mənada təsir göstərməsi imkanı çıxış etməlidir. Polis əməkdaşına qarşı intizam tənbehlərinin tətbiqinin ilkin hüquqi şərti kimi əməkdaşlar arasında intizamı gücləndirməklə, DİO-nı hüquqi cəhətdən tənzim etməli, nizamnamədə tənzimləyici normalarla yanaşı, xidmət intizamını pozanlara intizam tənbehi tədbirlərinin müəyyən edilməsi qaydasını təsbit edən hüquq normalarının məcmusu, intizam məsuliyyətinin mövcudluğunun hüquqi əsasını təşkil etməlidir. Lakin DİO-da intizam məsuliyyətini öz maraqları çərçivəsində tətbiqinə yol verərək əməkdaşların hüquqlarını məhdudiyyətlər yaradırlar.

        Əmək hüququ elmində intizam məsuliyyətinə müxtəlif anlayışlar verilir. Bəzi alimlər intizam məsuliyyətini əmək intizamını pozan şəxslərə müəssisə və idarənin rəhbərləri tərəfindən edilən dövlət məcburiyyətinin növü hesab edirlər1

                                 

1Абрамова А.А. Дисциплина труда в СССР (правовые вопросы) М., Юридическая литература, 1969, с. 29; Бородина Н.Н. Государственное – правовые и общественное меры укрепления дисциплины труда рабочих и служащих в СССР. М., 1968, с.35

 

            Əmək hüququna görə intizam məsuliyyəti yalnız işçi intizam xətası törətdidə yarana bilər. Heç bir digər hüquq pozuntusu yaxud mənəvi xarakterli pozuntu intizam məsuliyyətini doğura bilməz. İşçinin ümumi mənəvi xarakteristikası da initizam məsuliyyətinin əsas rolunu yerinə yetirə bilməz. İntizam tənbehləri yalnız konkret intizam xətasına görə tətbiq olunur. Buna görə də hüquq ədəbiyyatında rast gəlinən intizam məsuliyyətinin intizam xətası olmadan da yarana bilməsi fikri düzgün deyildir. Eyni zamanda yalnız intizam xətasına görə deyil, həm də hüquq normaları ilə nəzərdə tutulmayan, əxlaqa zidd olan hərəkətlərə görə intizam məsuliyyətinin mümkünlüyü fikri də etiraz doğurur. Lakin intizam məsuliyyəti anlayışının belə əsasız genişləndirilməsi mövcud nəzəriyyədən irəli gəlmir və bu həm də qanunçuluq prinsiplərinə zidd xarakter daşımalıdır.

         Azərbaycan Respublikası DİO-nun əməkdaşları xidmət zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, hüquqpozmaların qarşısının alınması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində yol verdikləri qəbahətlərə görə, eyni zamanda xidmət zamanı qanunçuluğa və normativ hüquqi aktlara riayyət etməklə, fiziki və hüquqi şəxslərin pozulmuş hüquqlarının bərpa etmək üçün qanunauyğun zəruri tədbirlər görməməkləri intizam məsuliyyətinə cəlb olunmasına əsas verilməsi göstərilnəsinə baxmayaraq bunlara əməl edilmir.

      Əməkdaşın xidmətdən kənar mənəvi xarakterli pozuntusunu və eyni zamanda xidmətdən kənarda olduqda digər hüquq pozuntularınıda polis əməkdaşının adı ilə bağlayaraq xidməti intizam məsuliyyəti kimi qiymətləndirərək əməkdaşların hüquqlarını məhdudlaşdırırlar. Polis haqqında qanunun 33 maddəsinin V bəndinə əsasən, polis əməkdaşı hüquqa zidd hərəkətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır. Qanunun bu maddəsinə riayyət olunmur.Eyni zamanda Dünya alimləri nəzəriyyələrində etiraz doğurduqları əməlləri intizam xətası kimi qiymətləndirməlıə xətaya görə deyil, şəxsi marağa görə intizam məsuliyyətinə cəlb etmə kimi qiymətləndirmək olar.

     Hətta elə olur ki özləri tərtib etdikləri İntizam Nizmnaməsinə zidd hərəkət edirlər. Belə ki,əsasnamənin 120 maddəsində göstərilmişdir ki, intizam tənbehi xidməti intizam qaydalarının pozulması məlum olan gündən on gün ərzində verilir. Xidməti yoxlama keçirildiyi və ya cinayət işi başlandığı halda isə onun başa çatdırıldığı gündən bir aydan gec olmayan müddətdə verilməlidir. Təqsirkarın xəstəliyi və məzuniyyətdə olduğu müddət nəzərə alınmır. Lakin DİO-da intizam xətası məlum olduqdan sonra istənilən müddətdə inizam tənbehi tətbiq edilir.

       Cinayət, inzibati, maddi məsuliyyətdən fərqli olaraq, intizam məsuliyyəti xidmət münasibətlərinin xüsusi sahəsini – əməkdaşların intizamının, DİO-nun intizam nizamnaməsini qorumaq məqsədini daşıyır.

      İntizam məsuliyyətinin spesifikliyini göstərən və onu hüquqi məsuliyyətin digər növlərindən – cinayət, mülki, inzibati və maddi məsuliyyət növlərindən fərqləndirən əsas əlamətlər aşağıdakılardır: a) xüsusi sahə – xidməti intizamı ilə əlaqədar münasibətlər – hərəkətlər; b) özünəməxsus yaranma əsasının (intizam xətasının) mövcudluğu; c) özünəməxsus məcburetmə forması: təqsiri olana qarşı əsasən tərbiyəvi xarakterli intizam tənbehlərinin tətbiqi; d) intizam tənbehlərinin tətbiqinin xüsusi qaydası; e) intizam məsuliyyəti subyektlərinin məhdud dairəsi-hüquq münasibətlərində əməkdaş öz səlahiyyətlərini həyata keçirərkən bilavasitə və birbaşa rəisə tabeliyi f) subyektlərinin xüsusi tərkibi; g) onun tətbiqinin xüsusi məqsəd – xidmət intizamının qorunması və möhkəmləndirilməsi daşıması məqsədi. Bütün bu əlmətlər içərisində intizam tənbehləri əlamətini başlıca və müəyyənedici əlamət kimi göstərmək lazımdır.

       İntizam nizamnaməsinin 24 və 25 maddələrinə əsasən əməkdaş açıq-aşkar qanunazidd əmr və ya göstəriş aldıqda qanunu rəhbər tutmalı, zəruri hallarda bu barədə ardıcılıqla yuxarı vəzifəli şəxslərə məlumat verməlidir. Belə hal olduqda əmri və ya göstərişi icra etməmək məsuliyyətə səbəb olmur. Lakin bildiyimiz kimi DİO-da rəhbərlik edən rəis heyətinin bir çoxu hüquq elmindən bisavaddırlar, ona görədə necə gəldi intizam tənbehinidə helədə tətbiq edirlər. 

       İntizam məsuliyyəti birgə xidmət zamanı məcburedici və tərbiyəvi funksiyaları yerinə yetirərək, xidmətdə əmək hüquq münasibəti üzrə hüquq və vəzifələrin daha düzgün həyata keçirilməsi, xidməti intizamın möhkəmləndirilməsi, DİO-nun intizam nizamnaməsinə və digər əmrlərinə riayət olunması məqsədlərinə xidmət edir. Lakin intizam məsuliyyətinin yerinə yetirdiyi funksiyaların zərurililiyinə baxmayaraq, onun əhəmiyyətini heç də şişirtməyə ehtiyac yoxdur. DİN-nin əmrlərin müəyyən hissələri Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilikləri ziddiyyət təşkil edərək əməkdaşların hüquq və azadlıqlarını məhdudlaşdırır,yuxarıda qeyd etdiyim kimi DİN-nin rəhbərliyi  bu barədə qanunvericilik olmadığından, daxili əmrlə rəhbərliyin iradəsini ifadə edən, bəzi qanunvericiliklərə zidd nizamnamələr hazırlayırlar buda gələcəkdə tabeçilikdə işləyən işçilərin hüquqlarını məhdudlaşdırır .

       Əmək qanunvericiliyinə görə  rəhbər, intizam tənbehini verərkən işçinin  şəxsiyyətini , kollektivdə nüfuzunu , peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. İntizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. (AR ƏM 186 maddəsinin 1-ci hissəsi). Lakin DİO-da kollektiv nüfuz , peşakarlıq səviyyəsi nəzərə alınmır, rəhbərin fikrinə üstünlük verilir, hətta ƏM ilə fərqli olaraq şifahi xəbərdarlıq intizam tənbehinin 1 ay hüquqi qüvvəsi var. Buda ƏM ilə ziddiyət təşkil edir.

       Polis Haqqında qanunun 33-cü maddəsinin II-ci hissəsində, DİO-nun xidmət keçmə haqqında əsasnamənin 114-cü maddəsində və DİO-nun intizam nizamnaməsinin 14-cü maddəsində DİO əməkdaşlarına aşağıdakı xidməti intizam tənbehləri verilə bilər:

 

1.      məzəmmət

2.      töhmət

3.      şiddətli töhmət

4.      xidməti vəzifəyə tam uyğun olmamaq barədə xəbərdarlıq

5.      tutduğun vəzifədən aşağı vəzifəyə keçirilmə

6.      xüsusi rütbənin bir pillə aşağı salınması

7.      xidmədən xaric etmə

       DİO-nın fəxri döş nişanları ilə təltif edilmiş əməkdaşlar, həmin nişanlar haqqında əsasnamələrdə müəyyən olunmuş qaydada döş nişanlarından məhrum edilə bilərlər.

       Qanunvericilikdə müəyyən edilmiş hallarda əməkdaşlar DİO-dan xarric etməklə yanaşı xüsusi rütbədəndə məhrum edilə bilərlər.

        DİO-nun XKH əsasnaməsinin 114-1. Daxili işlər orqanının əməkdaşı «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. DİN-i isə intizam məsuliyyəti sözünü orqandan xaric etmə ilə əvəzləşdirir, özləri aldıqları rüşvət sayılmır, xırda məmurların aldıqları qəpik quruş rüşvətdir.

       Elə həmin əsasnamənin 116-cı maddəsinə əsasən Həvəsləndirmə tədbirləri və intizam tənbehləri, daxili işlər orqanlarının vəzifəli şəxsləri(rəislər) tərəfindən onlara verilən səlahiyyətlər hüdudunda tətbiq edilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (prezidenti) tərəfindən vəzifəyə təyin edilən daxili işlər orqanları əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanı (Daxili İşlər Nazirliyi) tərəfindən bu Əsasnamənin 114-cü maddəsinin 1, 2 və 3-cü bəndlərində göstərilən intizam tənbehləri tətbiq edilə bilər. Göründüyü kimi əsasnamənidə özlərinə uyğun yazdırıblar.

      Əsasnamənin 126-cı maddəsinə əsasən xidməti intizam qaydaları pozuntusunun törədildiyi gündən 3 ildən artıq müddət keçdikdə intizam tənbehi tətbiq edilmir.  

      DİO-da xidməti intizam dedikdə – əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifənin və ya vəzifələrin icrası, öz səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Qanunverici aktlarına, müvafiq icra  hakimiyyəti orqanlarının əmr və göstərişlərinə, vəzifə səlahiyyətlərinə, tabe olduğu bilavasitə və ya yuxarı rəisin qanuni əmr və göstərişlərinə əməl etməsi başa düşülür. Xidməti həyata keçirərkən yazılmasına baxmayaraq, xidmətdən kənar olan nöqsanlarıda, xidmət nöqsanı sayaraq, adını “polisin adına ləkə gətirən” qoyaraq intizam tənbehi tətbiq edilir.

       Əgər əməkdaşın təqsiri üzündən ona həvalə olunmuş xidməti işin yerinə yetrilməməsi, yaxud lazımınca yerinə yetrilməməsi, intizam tənbehinin tətbiqinə baxmayaraq davam etmişdirsə, onun barəsində yeni intizam tənbehinin tətbiqinə yol verilir.     

      İntizam qaydasının pozulmasında bir neçə əməkdaş qrup halında iştirak etdikdə onların hər birinə törətdiyi əməlin təqsirinin dərəcəsinə uyğun müvafiq intizam tənbehi verilir.

       Əsasnamənin 129-cu maddəsinə əsasən xidməti intizam qaydalarının pozulmasına görə daxili işlər orqanlarının istintaq aparatı işçilərinə intizam tənbehi verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və onun səlahiyyət verdiyi şəxslər tərəfindən, prosessual fəaliyyət ilə əlaqədar olduğu hallarda isə prokurorluq və məhkəmə orqanlarının aktları əsasında həyata keçirilir. Daxili işlər orqanlarının istintaq aparatı işçilərinə intizam tənbehi verilməsi, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin orqanın istintaq aparatının fəaliyyətinə rəhbərliyi həyata keçirən qurumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85.6-cı maddəsində göstərilən səlahiyyətləri daxilində verilmiş vəsatəti əsasında həyata keçirilir.

       İntizam tənbehi tətbiq olunarkən müəyyən  olunmuş qaydalara  ciddi əməl olumalıdır. İntizam nizamnaməsinin 34 maddəsinə əsasən intizam tənbehi tətbiqində səlahiyyət həddini aşan rəis məsuliyyət daşıyır və əmri daha vəzifəli rəis tərəfindən ləğv edilir. Lakin DİO-da hər qanuna zidd olan əmrdən şikayət olunduqda əməkdaşlara təziq edilir eyni zamanda verilmiş şikayətə baxılmır. Şikayət edən əməkdaşlara eyni məzmunlu şablon xarakterli məktub göndərilərək bildirilir ki, şikayətinizə baxılmışdır sizə tətbiq edilən intizam tənbehi qanuni və əsaslıdır. Nizamnamənin bu hissəsi formal xarakter daşıdığında ümumiyyətlə tətbiq edilmir. 

     İntizam xətasına görə intizam tənbehini tətbiq etmək rəisin vəzifəsi deyil , hüququdur. O, işin bütün hallarını nəzərə alaraq, intizam xətasə törətmiş əməkdaşa qarşı intizam tənbehi tətbiq etməyib, ona şifahi xəbərdarləq etməklə kifayətlənə bilər. DİO-da rəislər bu hüquqdan vəzifə kimi istifadə edilir. Savadsız rəislər isə bunu vəzifə kimi başa düşürlər, hətda onların dilinnən desək, məcburiyyət kimi, belə ki, bir çox rəis hüquq və vəzifə sözünü  ayıra bilmir bir-birindən.

     Tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə və ya xüsusi rütbənin bir pillə aşağı salınması kimi intizam tənbehi tədbirləri, bir qayda olaraq, başqa intizam tənbehlərinin təqsirkara lazımı təsir göstərmədiyi halda verilir. DİN-də isə istənilən halda.

      Əgər intizam tənbehi əməkdaşa intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, o əmr hüquqi qüvvəsi olmayan hesab edilir.

      İN-nin 35 maddəsinə əsasən xidmətdən xaric etmə intizam tənbehi Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müstəsna səlahiyyətinə aiddir.

     İN-nin 40 mad.əsasən intizam tənbehi, xidməti intizam qaydalarının pozulması barədə məlumat, yaxud sıravi və rəis heyəti yığıncaqlarının vəsatəti qərar qəbul etmək səlahiyyətli rəisə daxil olduğu gündən 10 gün ərzində verilir.

     İN-nin 60 maddəsinə əsasən intizam tənbehi dərhal müstəsna halda isə verildiyi gündən 1 aydan gec olmayan müddətdə elan edilir (icra olunur) və bu barədə əməkdaşın şəxsi işində qeydiyyat aparılır (şifahi intizam tənbehi barədə şəxsi işdə qeydiyyat aparılmır).

     Əməkdaş intizam tənbehi verilərkən rəis tərəfindən qanunvericiliyin tələblərinin və onun hüqüqlarının pozulduğunu iddia edərsə, İN-nin 63 maddəsinin nəzərdə tutulmuş qaydada  ardıcılıqla yuxarı vəzifəli şəxslərə şikayət edə bilər. Rəis tərəfindən intizam məsuliyyətinə cəlb etmə qaydalarının pozulması tətbiq olunmuş intizam tənbehini yuxarı vəzifəli şəxs  tərəfindən etibarsız hesab edilməsi üçün, əsas ola bilər. Eyni zamanda İnzibati İcraat Haqqında Azərbaycan Respublikasının Qannunun 67.2 maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

      Əsasnamənin 130-cu maddəsinə əsasən intizam tənbehinin tətbiqində verilən hüquqların həddini aşan vəzifəli şəxs məsuliyyət daşıyır. 

      Intizam nizamnaməsinin 39 maddəsinə əsasən, əməkdaşın tələbi ilə əmrin sürəti ona təqdim edilməlidir. Bu əmr təqdim edəsi şəxsin vəzifəsi kimi göstərilmişdir. Buna baxmayaraq məhkəmənin və digər qurumların rəsmi məktubu olmadan intizam tənbehi tətbiq edilən şəxsin raportu əsasında təqdim edilmir.

      Eyni zamanda intizam nizamnaməsinin 28 maddəsinə əsasən eyni qəbahətə görə materialı yığıncağa göndərməklə yanaşı,intizam tənbehi onlar barədə intizam tədbirlərini istisna etmir. Əsasnamənin 122 və İN-nin 48 maddəsinə əsasən xidməti intizam qaydalarının pozulmasına görə yalnız bir intizam tənbehi verilir. Lakin bu maddələr nizamnamənin 8-ci maddəsi ilə ziddiyət təşkil edir belə ki, 8-ci maddədə göstərilir ki, əməkdaşın inzibati və ya cinayət məsuliyyətə cəlb olunması onlar barədə intizam tədbirlərinin tətbiqini istisna etmir. Aydındır ki, cinayət məsuliyyətinə cəlb olunan yəni məhkum edilmiş əməkdaş, Polis haqqında qanunun 28 maddəsinin IV hissəsinə və DİO-nun XKH əsasnaməsinin 17 maddəsinə əsasən DİO-da işləyə bilməzlər. Ancaq inzibati məsuliyyət, nəyə görə intizam məsuliyyəti yaratması bizdə maraq kəsb edir.  Bu maddə Azərbaycan Respublikası Konstitusiyasının 64 maddəsi (yəni bir əmələ görə heç kəs 2 məsuliyyətə cəlb edilə bilməz), İXM-nin 15.3 maddəsi (intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçulara (həmin maddənin qeyd hissəsində “hərbi qulluqçular” dedikdə müvafiq icra hakimiyyəti orqanlarının zabit heyəti, gizirləri və s. başa düşülür. Azərbaycan Respublikasının Prezidentinin 29.08.2000-ci il tarixli 389 saylı fərmanının 2.1 maddəsinə əsasən 15-ci maddənin qeyd hissəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və s. nəzərdə tutulur.) inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar.) ilə və elə həmin nizamnamənin 28-ci maddəsi  ilə ziddiyət təşkil edir. Əgər əməkdaşa 1 əmələ görə həm inzibati həmdə intizam məsuliyyəti verilirsə, bu Konstitusiyanın 64-cü maddəsi ilə ziddiyət təşkil edilmiş olunacaq.

      İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 12.2 maddəsinə əsasən eyni faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin qanunun 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş akt qanunsuz sayılır.

     Əsasnamənin 134-cü maddəsinə əsasən DİO-nın əməkdaşı cinayət törətdikdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyır. Daxili işlər orqanlarının ali və böyük rəis heyəti əməkdaşlarının cinayət başında yaxalanması halları istisna olmaqla, onların cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə, Azərbaycan Respublikasının Baş Prokurorunun razılığı ilə həyata keçirilir. Daxili təhqiqatlar zamanı daxili işlər orqanlarının əməkdaşları barəsində «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bilavasitə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilə bilər.

     Əgər bir əməkdaşa 1 il ərzində ayrı-ayrı vaxtlarda 2 və ya daha artiq intizam tənbehi verilmişdirsə, hər bir halda ondan əvvəl verilmiş intizam tənbehi ilə kifayətlənə və ya əvvəl verilmiş intizam tənbehindən yuxarı intizam tənbehi verilməlidir. Sonradan, əvvəl verilmiş intizam tənbehlərindən hər hansı biri ləğv edildikdə, sonradan verilmiş olan intizam tənbehi dəyişdirilməli, ləğv edilmiş intizam tənbehindən neçə pillə yuxarı olması nəzərə alınmaqla, yenidən intizam tənbehi tətbiq edilir. Burada yüngül və ya həmin pillə nəzərə alınaraq bərabər intizam tənbehi verilməlidir.

      İntizam tənbehi verməmişdən əvvəl təqsirkar əməkdaşdan, intizam xətasına yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılması, habelə əməkdaşın təqsirinin dərəcəsini müəyyən etmək üçün rəis İN-nin 50 maddəsinə əsasən işçidən yazılı və ya şifahi izahat verilməsini tələb edir. Hər bir halda əməkdaşın izahatı intizam tənbehi təsdiq edilməmişdən əvvəl alınmalıdır. Əməkdaşdan yazılı izahatın tələb edilməsi onun barəsində tətbiq olunacaq intizam tənbehinin hüquqauyğun hesab edilməsinin təminatlarından biridir. Əməkdaş yazılı izahatı üç mühüm funksiyanı yerinə yetirir :

         xəta faktını təsbit edir ;

         rəisə xətanın səbəbini nəzərə almaq imkanı verir ;

                –     xətanın aşkar olunduğu tarixi təsbit edir.

      Lakin işçinin yazılı izahat verməkdən imtina etmısi ona intizam tənbehi verilməsini istisna etmir. Əməkdaş yol verdiyi intizam xətasının mahiyyəti üzrə izahat verməkdən boyun qaçırdıqda bu zaman şahidlərin imzası ilə təsdiqlənən müvafiq akt tərtib olunur.

      Sərxoş halda olan əməkdaşa intizam tənbehinin verilməsi, habelə hər hansı izahatın alınması onun ayılmasına qədər təxirə salınır.

      Hər bir halda aparılmış xidməti yoxlama və ya təhqiqat nəticəsində yoxlama və ya təhqiqat aparan vəzifəli şəxs tərəfindən arayış tərtib edilir və həmin arayışda araşdırma nəticəsində məlum olan bütün xüsüsatlar tam ətraflı qeyd olunmalı və rəhbərliyə ətraflı məruzə edilməlidir. Əgər əməkdaşın və ya əməkdaşların xidmətdə qanuna və digər əmr və göstərişlərə zidd hərəkəti tam subuta yetmişsə icraçı tərəfindən rəy tərtib edilir və rəhbərlik tərəfindən təsdiq edilir.

      Verilmiş intizam tənbehi 1 il müddətdə qüvvədə olur. 1 il müddət keçdikdən sonra intizam tənbehi avtomatik surətdə, yəni hər hansı əmr verimədən götürülür. Əməkdaş verilən intizam tənbehindən nəticə çıxararaq, xidmət funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, təkrar intizam qaydalarını pozmazsa, rəis öz əmri ilə vermiş olduğu, xidmətdə fərqlənmə-mükafat qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri əməkdaşın üzərindən götürə bilər. Əgər əməkdaş barədə intizam tənbehini yuxarı vəzifəli şəxs tərəfindən verilibsə həmin halda rəis təqdimatla həmin vəzifəli şəxsə müraciət edir. İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində xidmətdə peşəkarlıqla yerinə yetridiyinə, intizam qaydalarını əməl etdiyinə görə və ya aır vəya xüsusi ilə ağır cinayət aşdıqda, iş sayında fərqləndikdə əməkdaş İN-nin 10-cu maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri  ilə mükafatlandırılarsa , mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir. DIO-nun XKH əsasnaməsinin 111-ci maddəsinə əsasən həvəsləndirmə tədbiri kimi əvvəllər verilmiş intizam tənbehinin vaxtından əvvəl geri götürülməsi tətbiq oluna bilər.

      Yuxarıda göstərilən əlamətləri nəzərə alaraq İntizam nizamnaməsi üzrə intizam məsuliyyəti dedikdə, intizam xətası törətməkdə təqsiri olan əməkdaşa rəis və ya yuxarı vəzifəli şəxs tərəfindən xidməti intizamının möhkəmləndirilməsi məqsədilə xüsusi qaydada   tətbiq edilən və nizamnamədə nəzərdə tutulan intizam tənbehinə məruz qalmasıdan ibarət olan məsuliyyət başa düşülür.

    Azərbaycan Respublikası DİO-nın.bu sahəsində bu qədər nöqsanlar görünürsə deməli DİO-nun hər bir sahəsində daha geniş tədqiqatların aparılması, bütün variantlarının müəyyən olunması, qanunvericiliklə bağlı təkliflərin hazırlanması, həmin fəaliyyətlərə paralel olaraq ictimai debatların, həmin sahələrin mütəxəsisləri tərəfindən müzakirələrin təşkili də vacib məsələdir.

    Konstitusiyamız,qanunlarımız və əsasnamələrimiz formal xarakter daşıdığı müddətcə, bunlardan yazmaq və ya danışmaq mənasızdır. Belə ki, qanunların mənfi tərəfi, aşağı təbəqəyə, müsbət tərəfi isə özlərinə tətbiq edilir.

 

 

               Məqaləni hazırladı          

               hüquqşünas, keçmiş polis zabiti, 

                         hazırda Avropada mühacirətdə yaşayan

 

              Məhərrəmov Tural Əlövsət oğlu 

 

Daxili İşlər Nazirliyində tətbiq edilən intizam məsuliyyətləri” üzərində 2 şərh

  1. zaur
    11.01.2015

    Azerbaycan Respublikasi Daxili Ishler orqanlarinin “Intizam Nizamnamesi” nin 3.2; 3.7; 3.8; 3.9-bendlerin aciqlamasini bilmek isterdim

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 06.03.2011 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi